Deputat: “Azərbaycan və Avropa İttifaqı arasında yeni bir mərhələnin şahidi oluruq”
“Azərbaycan və Avropa İttifaqı arasında tamamilə yeni bir mərhələnin şahidi oluruq”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, 15 ilə dayanan enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq ötən gün öz müsbət nəticəsini verən anlaşma ilə daha da gücləndi.
“Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun gücü daha da artırılır. Azərbaycan İlk olaraq Avropaya neft kəmərinin çəkilişi başladı,daha sonra isə 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi boru kəməri sistemi istifadəyə verildi. Ötən müddət ərzində Azərbaycan Cənub Qaz Dəhlizinin maksimum gücü ilə işlədilməsi ilə üçün əlindən gələni edir. Əldə edilmiş yeni razılığa əsasən də Azərbaycanın Avropaya qaz nəqli iki dəfəyə qədər qaldırıldı. Bu da istər-istəməz Avropa İttifaqının Azərbaycana verdiyi dəyərin, Azərbaycanın sədaqətli və etibarlı tərəfdaş olduğunu ortaya qoyan göstəricilərdəndir. Həmçinin Azərbaycan ötən müddət ərzində verdiyi sözləri yerinə yetirmiş və bu günə qədər enerji sahəsində Azərbaycanın imzaladığı anlaşmalar, bütün müqavilələrdə bir xırda dəyişiklik belə edilməyib. Bu da Azərbaycanı etibarlı tərəfdaş rolunda daha gücləndirir. Bütün bunlarla yanaşı Azərbaycanın ənənəvi enerji resursları ilə yanaşı, alternativ enerji resursları potensialı çox böyükdür. Avropa İttifaqı ilə də məhz alternativ enerji mənbələrinin işlənməsi və həmin enerji mənbələrinin də Avropaya nəqli bağlı danışıqlar davam etməkdədir".
Deputat deyib ki, yalnız Qarabağ və Şərqi Zəngəzurun azad edilməsindən sonra bu ərazilərin günəş və külək enerjisi potensialı 9200 meqavattdır ki, bu da çox böyük rəqəmdir.
“Xəzər dənizinin külək enerjisi potensialı 157 giqavatt qədərdir. Gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da Xəzər dənizində mövcuddur. Bərpa olunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatlarının təmin olunacağı düşünülməkdədir. İmzalanan memorandum gələcək əməkdaşlığımızın bir yol xəritəsidir. Bu memorandum əsasında Azərbaycan və Avropa İttifaqı arasında planlaşdırılmış bütün məsələlərin icra olunacağının şahidi olacağıq. Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr daha da inkişaf edəcək. Biz Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan enerji strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən uğurla icra edildiyinin şahidi oluruq. Azərbaycan enerji potensialını yalnız iqtisadi dividendə yox, eyni zamanda siyasi üstünlük əldə etmək üçün istifadə edir. Azərbaycan bu gün əldə etdiyi uğurları Azərbaycanın inkişafına, dayanıqlı iqtisadiyyatın olmasına xidmət etməkdədir".