Rusiya əvvəl inkar etdi, sonra etiraf: Biz hərbi infrastrukturu vurduq
Taxıl sövdələşməsindən bir neçə saat sonra Odessa limanını vuran Rusiya əvvəlcə bunu inkar etdi, sonra “Amerika silahları var idi” deyərək etiraf etdi. Hücum razılaşmanın davamlılığı ilə bağlı narahatlıqları artırdı.
1news.az Hürriyet.com- a istinadən xəbər verir ki, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə taxıl müqaviləsi imzalayan Rusiya, razılaşmanın əhatə etdiyi 3 limandan biri olan Odessaya 24 saatdan az bir müddətdə hücum etdiyini etiraf edib. Müqavilə ilə Rusiya Çornomorsk, Yujnı və Odessaya hücum etməyəcəyinə və gəmilərin keçməsinə mane olmayacağına söz vermişdi.
Ötən gün baş verən raket hücumundan dərhal sonra ilk olaraq məsuliyyətini inkar edən və razılaşmanın tərəflərindən biri olan Türkiyəni bu istiqamətdə məlumatlandıran Moskva dünən limana zərbə vurduqlarını etiraf edib. “Dənizdən atdığımız uzaq mənzilli, yüksək dəqiqlikli raketlərlə Ukraynaya məxsus hərbi gəmini və ABŞ tərəfindən göndərilən gəmi əleyhinə raketlərin saxlandığı anbarı məhv etdik”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Ukrayna ordusu Rusiyanın ümumilikdə 4 raket atdığını, onlardan ikisinin havada tutulduğunu açıqlayıb. Hücum razılaşmanı təhdid etsə də, Ukrayna prezidenti Vladimir Zelenski bunun “Rusiyaya etibar edilmədiyini göstərir” deyib.
Hücumdan sonra Türkiyəni məlumatlandıran Ukrayna rəsmiləri raketlərdən birinin taxıl silosuna düşdüyünü bildirib. Raketlərin limanın əməliyyat qabiliyyətinə təsir etmədiyi, gəmilərdə yükləmə əməliyyatlarının normal şəkildə davam etdirə biləcəyi qeyd edilib. ABŞ dövlət katibi Antoni Blinken Odessa hücumunun taxıl müqaviləsi ilə bağlı "ciddi şübhələr yaratdığını" deyib. “Rusiyanın müqaviləyə sadiqliyi ilə bağlı ciddi şübhələr yaranıb”, - Blinken bildirib. “Hücum BMT, Türkiyə və Ukraynanın kritik qida məhsullarını dünya bazarına çıxarmaq səylərini sarsıdır".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna müharibəsinin mənfi təsirlərinin ən çox hiss olunduğu Afrikaya qastrol səfərinə çıxıb. Dünən ilk dayanacağı olan Misirdə təmaslar quran Lavrov, prezident Əbdülfəttah əs-Sisi və misirli həmkarı Samih Şükri ilə görüşüb. Taxıl daşınmalarının pozulmasında Qərbi və Ukraynanı günahlandıran Lavrov, Qara dənizdə 70 gəminin Kiyev rəhbərliyi tərəfindən bloklandığını iddia edib. Misir əsasən Rusiya və Ukraynadan dünyanın ən böyük buğda idxalçılarından biridir. Müharibədən əvvəl Ukrayna ölkənin taxıl ehtiyacının 26 faizini ödəyirdi. Fevral ayının sonlarından ölkədə daşınmaların dayandırılması ilə əlaqədar əsas ərzaq məhsullarının, xüsusilə də çörəyin qiyməti artır. Lavrovun növbəti dayanacaqları Uqanda, Efiopiya və Konqo Respublikası olacaq.
Humay Əliyeva