Deputat: “Bu, elmlə təhsilin birləşməsi deməkdir”
İyulun 28-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzaladı.
Fərmana əsasən, Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı.
Yeni yaradılan Nazirliyin tabeliyinə Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutları da verildi.
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Prezidentin imzaladığı sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutlarının yeni yaradılmış Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi alqışlanmalıdır
“Bu, elmlə təhsilin birləşməsi deməkdir, nəhayət ki, həm nəzəri, həm praktiki biliklərin əldə edilməsi mümkün olacaq. Bütün bu proseslər vəhdəd şəkildə, koordinasiyalı şəkildə idarə olunacaq. Bütün bunlarla yanaşı, xarici təcrübəni nəzərə alaraq, universitetlərə, yəni Elm və Təhsil Nazirliyinə müdafiələrin həyata keçirilməsi, diplomların verilməsi və bu prosesin daha sadələşdirilməsi məncə çox yaxşı olardı. Belə olacağı təqdirdə Ali Attestasiya Komissiyası yalnız, universitetlərdə aparılmış tədqiqatları, müdafiələri son anda ekspertiza edib təsdiqləmiş olacaq. Bu da prosesi daha da sadələşdirəcək. Əks təqdirdə, bizim elmlə, tədqiqatla məşğul olan gənc alimlərimiz ancaq sənəd yığmaqla məşğul olurlar. Bu da prosesin uzanmasına səbəb olur, nəticə etibarı ilə elmə gələn insanlar həvəstən düşürlər. Yaxın gələcəkdə bunun islahatların davamı kimi həyata keçiriləcəyi təqdirdə Azərbaycan elmində çox böyük sıçrayış olacaq. Gənclər asanlıqla elmdə qalmağı seçəcəklər. Onlar yaxın gələcəkdə Azərbaycan elminə, dünya elminə öz töhfələrini verəcəklər”.
“Gənc alimlərin universitetlərdə qalıb işləməsi üçün də motivasiya xarakterli tədbirlər həyata keçirilməlidir” – deyə, deputat əlavə edib:
“Bunların da bəlkə də ən öndə gedəni gənc tədqiqatçıların, alimlərin xidməti evlərlə təmin olunmasıdır. Artıq Azərbaycan Aqrar Universitetində bu istiqamətdə işlər görülməkdədir. Dövlət bu sahəni maliyyələşdirir, gənc alim və tədqiqatçıların müvəqqəti də olsa evlərlə təmin edilməsini təşkil edir. Düşünürəm ki, bu, Azərbaycan Universitetlərinin hər birində tətbiq edilməlidir. Gənc alimlər universitetdə tədqiqat aparacağı təqdirdə bu cür minimum şəraitlə təmin edilməlidir ki, diqqətini elmə cəmləşdirə bilsin və nəticələr əldə edə bilsin. Ümumilikdə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində bir çox dəqiq elmlər institutlarının Elm və Təhsil Nazirliyinə verilməsi alqışlanmalıdır. Biz ümid edirik ki, bu dəyişikliklər Azərbaycan elminə, təhsilinə çox böyük töhfələr vermiş olacaq”.
Həmçinin oxuyun:
Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradılıb - Prezidentdən FƏRMAN
Nazirlik: “Bu proses AMEA-nın ləğv olunması deyil, əksinə yeni mərhələnin başlanğıcı deməkdir”
“Bu Fərman bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır” – Deputat yeni Fərmanı şərh etdi