Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfərinin əhəmiyyəti - Deputatdan ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfərinin əhəmiyyəti - Deputatdan ŞƏRH

Qafar Ağayev14:45 - 25 / 08 / 2022
Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfərinin əhəmiyyəti - Deputatdan ŞƏRH

“ 2022-ci il Qazaxıstanla Azərbaycan arasında əlaqələr üçün əlamətdar ildir, çünki bu il Qazaxıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfərinin əhəmiyyəti ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin 24 avqust tarixində Azərbaycan Respublikasına rəsmi səfəri dövlətlərimiz və xalqlarımız arasındakı sıx əməkdaşlıq və dostluq münasibətlərinin bariz nümunəsidir.

“Cənab prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda və beynəlxalq müstəvidə olduqca güclü mövqe qazanmışdır. Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” də məhz bu uğurun təzahürüdür.

Rəsmi səfər çərçivəsində müvafiq strukturlar arasında imzalanmış çoxsaylı sənədlər dövlətlərarası geniş hüquqi baza yaratmaqla yanaşı, müttəfiqlik əlaqələrinin gücləndirilməsinə xidmət edir. Bildiyiniz kimi Qazaxıstanla Azərbaycan BMT, ATƏT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, TÜRKSOY, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq platformalarda qarşılıqlı əməkdaşlıq edir. Azərbaycan və Qazaxıstan arasında imzalanmış bəyənnamə də məhz beynəlxalq arenada birgə əməkdaşlığı özündə ehtiva edərək strateji əməkdaşlığın inkişafı baxımından böyük önəm kəsb edir”.

Naqif Həmzəyev

N.Həmzəyev deyib ki, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” si Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı, ölkələrimizi birləşdirən Orta Dəhlizinin buraxıcılıq qabiliyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

“Bu isə bilavasitə olaraq, hər iki dövlətdə nəqliyyat-logistika sahələrində inkişafa böyük təkan verəcəkdir.

Xüsusilə qeyd etmək istəyirəm ki, müzakirələr çərçivəsində əmtəə dövriyyəsinin artırılması məsələsinə xüsusi toxunulması və bu istiqamətdə atılacaq addımlar yaxın gələcəkdə ixrac-idxal əməliyyatların hədəflənən rəqəmə - 1 milyard dollara çatmasını daha da real edir.

Səfər çərçivəsində, işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimat mərasimi keçirilib. Belə bir təşəbbüsün irəli sürülməsi vəə həyta keçirilməsi xalqlarımız arasındakı dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür”.

“Eyni zamanda vurğulamaq istəyirəm ki, xalqlarımız arasında mədəni-humanitar əlaqələr günü-gündən dərinləşməkdədir” – deyə, deputat əlavə edib:

“Cənab Tokayevin öz çıxışında bildiriyi kimi, Qazaxıstan Respublikasında Azərbaycan mədəniyyəti ongünlüyünün keçirilməsi təşəbbüsü, ölkələrimiz arasında mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətlərinin mübadiləsini həyata keçirmək barədə razılığa gəlinməsi iki xalq arasında tarixi keçmişə söykənən mədəni əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinin sübutudur. Nazirliklər arasında imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram” həyata keçirilməsi nəzərdə tutulan bütün mədəni tədbirlərin əsas təminatı olacaqdır.

Sonda qeyd etmək istəyirəm ki, bu rəsmi səfər iki qardaş ölkənin bir-birinin suverenliyini və ərazi bütövlüyünü sadəcə sözdə deyil, həm də əməllərdə açıq şəkildə dəstəklədiyini nümayiş etdirərək, dövlətlərarası strateji münasibətlərin formalaşması və inkişafında böyük uğurlara yol açacaqdır”.

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər