Zaur Hacı-Məhərrəmov: “Birlikdə Azərbaycan futbolu naminə yaxşı işlər görəcəyik və PFL-i brendə çevirəcəyik” | 1news.az | Xəbərlər
Futbol

Zaur Hacı-Məhərrəmov: “Birlikdə Azərbaycan futbolu naminə yaxşı işlər görəcəyik və PFL-i brendə çevirəcəyik”

10:20 - 01 / 09 / 2022
Zaur Hacı-Məhərrəmov: “Birlikdə Azərbaycan futbolu naminə yaxşı işlər görəcəyik və PFL-i brendə çevirəcəyik”

Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişiklikləri davam edir.

Uzun illər PFL-in ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışmış Aslan Şahgəldiyev vitse-prezident təyin edilib. Elgiz Abbasov texniki idman direktoru oldu. PFL-də yeni simalar da meydana çıxdı. Zaur Hacı-Məhərrəmov qurumun icraçı direktoru təyin olundu.

Lakin Zaur Hacı-Məhərrəmovu Azərbaycan futbolunda yeni sima adlandırmaq olmaz. O, uzun illərdir ki, AFFA-da müxtəlif vəzifələrdə çalışır, eyni zamanda beynəlxalq oyunlarda UEFA-nın nümayəndəsidir.

1news.az Zaur Hacı-Məhərrəmovla yeni vəzifəsi, səlahiyyətləri, eləcə də PFL-də işin müasirləşdirilməsi və təkmilləşdirilməsi planları barədə danışıb.

- PFL-in icraçı direktoru olmaq təklifini nə vaxt və kimdən aldınız?

- İki ay əvvəl 4 il koordinator işlədiyim Futbol Federasiyasındakı vəzifəmi tərk etdim. Bununla yanaşı AFFA-nın oyunların təşkili departamentinin rəhbəri vəzifəsində fəaliyyətimi davam etdirdim.

Elxan Səmədov PFL-in prezidenti təyin olunandan bir müddət sonra məni işə dəvət etdi. İllərdir ölkə çempionatında bir yerdə futzal oynadığımız üçün bir-birimizi çoxdan tanıyırıq. 2009-cu ildə AFFA-nın Uşaq-Gənclər Futbol Departamentinə rəhbər təyin olunanda məni dəvət etdi. Yəni AFFA-da onun dəvəti ilə işləməyə başladım. Sonra o, assosiasiyadan getdi, mən isə işləməyə davam etdim. İndi PFL-in prezidenti seçildi, məni də dəvət etdi. Ona etimada görə təşəkkür edirəm. Ümid edirəm ki, birlikdə Azərbaycan futbolu naminə yaxşı işlər görəcəyik və PFL-i brendə çevirəcəyik.

AFFA-nın Oyunların Təşkili Departamentində də yarımştat qaydada işləməkdə davam edəcəm. Orda beynəlxalq yarışların təşkilində mənim köməyimə ehtiyac var. Amma təbii ki, bütün diqqətim PFL-dəki işimə yönəlib.

- Elxan Səmədovu uzun illərdir tanıdığınızı dediniz. Onu bir insan və rəhbər kimi necə xarakterizə edərdiniz?

- Onun haqqında yalnız müsbət şeylər deyə bilərəm. Təbii ki, indiki halda onun peşəkar keyfiyyətləri daha önəmlidir. O, işinin peşəkar və böyük futbol azarkeşidir. Onun bütün həyatı bu və ya digər şəkildə, harada işləməyindən asılı olmayaraq futbolla bağlı olub. Hələ 90-cı illərdən futzalla məşğuldur. İndi o, futbola qayıdıb və buna çox sevinirəm.

Elxan Səmədov həqiqətən də yerli futbola böyük töhfə vermək, faydalı olmaq istəyir. Bilirəm ki, onun böyük planları var. Onlarla tanışam. İndi bütün detalları açıqlaya bilmərəm. Amma tədricən ictimaiyyət bunu öyrənəcək.

Ümumiyyətlə, insani keyfiyyətləri haqqında ayrıca danışmağa dəyər. Xeyirxah qəlbli insandır. Düşünürəm ki, bunu PFL-in kollektivi onun strukturun başında olduğunu qısa müddət ərzində hiss etdilər.

- PFL-in icraçı direktoru kimi səlahiyyətlərinizə nələr daxil olacaq?

- İcraçı direktor elə bir vəzifədir ki, bütün sahələrə cavabdehlik daşıyırsınız. Konkret hansısa sahənin adını çəkə bilmərəm. Bütün ortaya çıxan məsələləri həll etmək lazımdır.

Bildiyiniz kimi, vitse-prezident postu da təsis edilib. Bu vəzifəyə Aslan Şahgəldiyev təyin edilib. Elgiz Abbasov texniki idman direktoru təyin edilib. Biz birlikdə çalışacağıq və qarşımızda duran bütün məsələləri həll edəcəyik. Düşünürəm ki, yaxşı komandamız var.

- Cari işlərlə tanış olmağa vaxtınız oldu. PFL-i necə xarakterizə edərdiniz? Bu yenidən qurulan mexanizm və ya hazır bir strukturdur?

- Deyə bilmərəm ki, hər şey pisdir. Ancaq insanlar həmişə nəyisə yaxşılaşdırmağa çalışırlar. Beləliklə, biz irəli getməyi, strukturu təkmilləşdirməyi planlaşdırırıq. Bu da vaxt tələb edir.

Bir sıra səlahiyyətlər PFL-in funksiyalarına daxil edilib. Xüsusən, indi çalışacağıq və oyunlara AFFA nümayəndələrini təyin edəcəyik. Bu, mənim UEFA-da təmsil olunduğum sahədir. Bildiyiniz kimi, mən UEFA-nın beynəlxalq oyunlar üzrə nümayəndəsi kimi çalışıram. Bu hissə ilə mən məşğul olacağam. Ümid edirəm ki, UEFA-dakı təcrübəm bizə kömək edəcək. Biz bu sahəni ciddi şəkildə müasirləşdirmək istəyirik. Artıq icra etdiyimiz detallar var. Üzərində işlədiyimiz məsələlər də var. Təbii ki, biz bu işə peşəkar kadrları cəlb edəcəyik.

İndiyədək AFFA nümayəndəsi hesabatlarını Word ofis proqramının adi sənədində hazırlayırdı. Onların doldurduğu xüsusi bir forma var. Razılaşın, bu bir az köhnəlib, yeni onlayn platforma yaratmaq lazımdır.

Nümayəndələrimizin biliklərini də artırmaq lazımdır. Onlar üçün seminar və treninqlər, eləcə də imtahanlar keçirəcəyik. Ümumilikdə oyunların təşkili səviyyəsini yüksəltmək istəyirik.

- PFL-in əsas funksiyası ölkə çempionatının təşkilidir. Anladığım kimi, indi sizə bir sıra başqa səlahiyyətlər də əlavə olunub. Yoxsa bu, yalnız AFFA nümayəndələrinə aiddir?

- Müəyyən planlar var, amma hələlik onlar haqqında ətraflı danışa bilmərik. Hələ ki, hər şey danışıqlar səviyyəsindədir. Bizə hələ ki, nümayəndəlik hissəsi keçib. Digərlərinə gəlincə, rəhbərlik bəzi səlahiyyətlərin bizə verilməsini zəruri sayarsa, biz onları öz üzərimizə götürəcəyik.

Teymur Maksutov

Paylaş:
1254

Son xəbərlər

Bütün xəbərlər