Ceyhun Bayramovun Ermənistanın təxribatı ilə bağlı məktubu BMT sənədi kimi dərc olunub
Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan ərazilərində minaların basdırılması da daxil olmaqla, Ermənistanın davam edən qanunsuz hərbi fəaliyyətləri barəsində məktubu BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədi kimi paylaşılıb.
1news.az-a məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabındakı paylaşımında qeyd olunub.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.