“Gənclik” stansiyası gücləndirilmiş iş rejimində işləyəcək
Oktyabrın 13-də Bakı metropoliteninin “Gənclik” stansiyasında UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar iş rejimində dəyişikliklər ediləcək.
"Bakı metropoliteni"ndən 1news.az-a verilən məlumata görə, stansiyanın yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək. “Bakı Metropoliteni” QSC-nin müvafiq əməliyyat planına uyğun olaraq, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndirilməklə, stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.
Məlumata görə, ehtiyat tədbirlər “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da görüləcək. Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.
1news.az