“Bu görüş Ermənistanın növbəti məğlubiyyəti, Azərbaycanın isə uğuru kimi dəyərləndirilməlidir” - ŞƏRH
“Ötən gün bütün dünyanın gözü məhz Soçidəydi”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Ötən gün Soçidə baş tutan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşlərində bir çox maraqlı məqamlar var idi. Ermənistan bu görüşə çox hazırlıqlı, ümidli gəlmişdi. Ermənistan bu görüşdə bir çox məsələlərin razılaşdırılacağını və görüşdən uğurla qayıdacağını düşünürdü. Ancaq yekun bəyanatda biz Ermənistanın mövqeyini əks etdirən fərqli bir müddəanın olduğunu görmədik. Bu, Ermənistanın növbəti məğlubiyyəti, Azərbaycan diplomatiyasının, cənab Prezident İlham Əliyevin növbəti uğuru kimi dəyərləndirilməlidir. Sayca 4-cü olan bu sənəd, Rusiya tərəfindən imzalanan və qəbul olunan sənəddir ki, bundan öncəki sənədlərə istinad edir və Brüssel, Praqa görüşündə də nəzərdə tutulan bir çox məsələlər məhz Rusiya vasitəçiliyi ilə baş tutan bu görüşdə yekun bəyanatda öz əksini tapıb. Bir sözlə, Rusiya münasibətlərin yaxşılaşması, sülhün əldə olunmasında maraqlı tərəf kimi çıxış etməkdədir".
Deputat deyib ki, bundan öncəki görüşlər zamanı əldə edilmiş razılaşmaların hələ də reallaşmaması faktiki olaraq sayca 4-cü bəyanatın – daha qəliz bir sənədin imzalanmasına gətirib çıxardı.
“Faktiki olaraq burada real bir nəticə əldə olunmadı. Hansısa müddəalar tam razılaşdırılmadığına görə bəyanatdan çıxarıldı. Ancaq burada da çox maraqlı məqamlar var. Ümumiyyətlə, bəyanatda Qarabağ sözü istifadə edilmədi . Burada əsas yeniliklərdən biri isə məhz ictimaiyyət nümayəndələrinin, parlamentin və din xadimlərinin qarşılıqlı dialoqda olmaları, birlikdə görüşlərinin keçirmələri və xalq diplomatiyasının tətbiq edilməsinə üstünlük verilməsidir ki, mən də düşünürəm ki, bu, onsuz da münasibətlərin yaxınlaşmasında zəruri bir elementlər idi. Həmçinin sülhməramlıların iki illik fəaliyyətinə qiymət verilir, ancaq onun mandatı ilə bağlı onun müddətinin uzadılması ilə bağlı hansısa müddəa burada əks olunmur”.
Xatırladaq ki, Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüşün yekununda bəyanat qəbul olunub.