Deputat: “Fransa iki əsr boyunca istifadə etdiyi erməni kartından yararlanmağı düşünür”
“Fransa Senatında qəbul olunmuş Qətnamə ilk növbədə Azərbaycana qarşı təzyiq və təhdid aktıdır” .
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, Azərbaycana qarşı belə bir sənədin qəbul olunmasına səbəb ikili xarakter daşıyır.
“Senatorların şərhinə görə məqsəd guya erməni xalqına mənəvi dəstək nümayiş etdirmək və Fransa hökümətini Azərbaycana qarşı sərt addımlar atmağa çağırışdır. Əslində isə belə bir Qətnamənin erməni maraqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur. Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsinin həllindəki uğursuzluğu, post-müharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindən kənarda qalması beynəlxalq siyasət arenasında Fransanın nüfuzunu kifayət qədər aşağı salıb. Digər tərəfdən, Rusiyanın Ukrayna cəbhəsində apardığı uğursuz müharibə ilə əlaqədar Cənubi Qafqaz bölgəsində rolunun hiss olunan dərəcədə zəifləməsi Fransa siyasətçilərində bu bölgədə asas aktorlardan biri kimi çıxış etmək arzusu yaradır. Bu məqsədə nail olmaq üçünsə Fransa iki əsr boyunca müntəzəm olaraq istifadə etdiyi erməni kartından yararlanmağı düşünür.
Başqa bir məqsəd isə Fransa-Türkiyə rəqabətindən doğur. Türkiyənin ildən ilə dünya miqyasında artan nüfuzu, Cənubi Qafqaz regionunda rolunun artması , Türkiyəni bütün birgə maraq bölgələrində özünə rəqib hesab edən Fransanı narahat edir. Yaxın Şərq və Şimali Afrika bölgələrində öz mövqelərini Türkiyəyə uduzan Fransa belə bir qərəzli sənəd qəbul etməklə həm də Türkiyəyə qarşı demarş sərgiləyir.
Bütün bunların fonunda əgər Ermənistan bu qətnamənin onun maraqlarının qorunması üçün qəbul edildiyini düşünürsə çox yanılır. Növbəti xəyal qırıqlığı özünü çox gözlətməyəcək”.
C.Feyziyev deyib ki, bu Qətnamə senatorların təşəbbüsü ilə Senatda qəbul olunmuş bir sənəddir.
“Sənəd ölkəmizə qarşı bir sıra addımların atılmasını Fransa hökümətinə tövsiyyə edir. Əminəm ki, Fransa höküməti bu sənəddə tövsiyyə olunan addımların heç birini atmaq iqtidarında deyil və heç bir addım da atılmayacaq. Müzakirələrdən bir neçə gün əvvəl prezident Makronun Azərbaycan Respublikası prezidentinə telefon açması da belə düşünməyə əsas verir. Yox, əgər Fransa höküməti Senatın qətnaməsinə istinad edərək hansısa bir qərəzli addım atmaq fikrinə düşərsə, Azərbaycan höküməti və diplomatiyası da heç də tərəddüd etmədən adekvat cavab tədbirlərinin ələ alınmasında qətiyyən ləngiməyəcək”.
Xatırladaq ki, Fransa Senatı Konstitusiyasının 34-1-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib.