Əliyalın azərbaycanlıların qarşısına silahlar ilə çıxan sülhməramlılar – Məqsədləri nədir? - ŞƏRH
“Azərbaycan torpaqlarında hərhansı bir faydalı qazıntıların, yataqların işlənməsi, oradan hansısa qazıntıların hasil edilməsi yalnız Azərbaycan Dövlətinin əlaqədar qurumlarının nəzarəti və icazəsi ilə həyata keçirilə bilər”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Ancaq təəssüflər olsun ki, Ermənistan və erməni seperatçıları rus sülhməramlılarının da dəstəyi ilə Azərbaycan torpaqlarından bu cür fəaliyyətlə məşğul olublar. Son dövrlərdə rus sülhməramlarıları da seperatçıların bu qanunsuz fəaliyyətinə göz yumur, hətta onların bu fəaliyyətlərini ört-basdır etməyə çalışırlar. Artıq bir həftəyə yaxındır ki, Azərbaycanın aidiyyatı qurumları Azərbaycan ərazilərində həyata keçirilmiş bu qanunsuz fəaliyyət, o cümlədən ekoloji böhranla bağlı monitorinq keçirmək istəyirlər. Ancaq rus sülhməramlıları bu görüşü təşkil etməyi öz üzərlərinə götürmüş olsalar da, monitorinqin həyata keçirilməsi mümkün olmayıb. Çünki seperatçılar yataqlarda, faydalı qazıntılar hasil edilən ərazilərdə qanunsuz etirazlar etmiş, aksiyalar etmiş və süni olaraq təşkil edilmiş bu aksiyalar nəticəsində də bizim aidiyyəti qurum nümayəndələrinin ərazidə monitorinq aparması baş tutmayıb”.
“Bütün bu baş vermiş hadisələri nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən bir qrup ictimai fəal, qeyri hökumət təşkilatının nümayəndələri və ən əsası ekoloji problemlə yaxından maraqlanan və Azərbaycan ekologiyasının yaxından qorunmasına xidmət göstərən şəxlər tərəfindən Laçın yolu haqlı olaraq dayandırıldı” – deyə, N.Nəmzəyev əlavə edib:
“Aksiya iştirakçıları rus sülhməramlıların rəhbəri Volkovun onların suallarını cavablandırmasını istəyirlər. Rus sülhməramlılarının Azərbaycanda erməni mövqeyindən çıxış etməsi və erməniləri müdafiə etməsi bizi narahat edir. Səhər tezdən başlayan bu aksiya tələb yerinə yetirilənə qədər davam edəcək. Aksiyada iştirak edənlər rus sülhməramlılarına öz yerlərini bildirirlər. Azərbaycan ictimai fəallarının, jurnalistlərinin qarşısına bu hərbçilər silahla çıxırlar. Bizim ictimai fəalların, jurnalistlərin üzərində isə telefon, mikrofon və kameraları olur. Azərbaycan mövqeyində haqlıdır, beynəlxalq hüquqa söykənərək bu addımları atır. Rus sülhməramlıları da Azərbaycanın bütün tələblərini yerinə yetirməlidirlər və Azərbaycanın ərazilərində fəaliyyət göstərdiklərini unutmamalıdırlar”.
Deputat deyib ki, rus sülhməramlılarının rəhbəri Volkovun Azərbaycan fəallarının qarşısına çıxmamasının ən əsas səbəbi onun verdiyi sözü tutmaması ilə bağlıdır.
“Volkov erməni seperatçılarla və Vardanyanla əlbirdir, Azərbaycan ərazilərində əldə edilən faydalı qazıntılardan ona da pay çatır, rüşvətlər verilib. Əgər sülhməramlılar öz mandatlarının öhtəsindən gələ bilmirlərsə Azərbaycan ərazilərindən getsinlər. Sülhməramlıların bu fəaliyyətsizliyi ermənini dəstəkləməkdir. Belə olacağı təqdirdə Azərbaycan öz hüququndan istifadə edərək onların fəaliyyətinə yenidən baxmaq üçün vəsatət qaldıra bilər. Azərbaycanlıların öz ərazilərində dinc aksiya keçirməsinə heç kim maneə törədə bilməz”.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər. Etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Foto: Trend