Vüqar Rəhimzadə: “Azərbaycan hər zaman tarixi ədalətin, beynəlxalq hüququn yanındadır”
“Dövlət başçısı İlham Əliyevin 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətinin ardınca yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın 2022-ci ildə iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurların, eyni zamanda, qarşıda dayanan hədəflərin təqdimatı kimi dəyərləndirilir".
Bu fikirləri 1news.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Ölkəmizin hər ili bütün sahələrdə qürurverici uğurlarla başa vurması, daim irəliyə doğru inamla addımlayaraq yeni hədəfləri müəyyənləşdirməsi, çağırışlar səsləndirməsi düşünülmüş və məqsədyönlü, ən əsası ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində də bildirdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra əsas hədəf şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Əgər siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Bu gün əminliklə deyə bilərik ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Son iki il ərzində Azərbaycan həm beynəlxalq əlaqələr müstəvisində, həm də ölkə daxilində istədiyinə nail ola bilib.
Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində əsas amildir. Ötən il ölkəmizin neft-qaz sektorunda, həmçinin qeyri-neft sektoru sahəsində uğurları davamlılığı ilə diqqət çəkdi. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Ölkəmiz neft, qazla yanaşı, elektrik enerjisi ixracatçısı kimi də dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etməsi özündə bütün məqamları ehtiva edir. Azərbaycan zəngin bərpaolunan enerji potensialına malikdir. Bu statistik rəqəmi bir daha qeyd etmək istərdik ki, azad olunmuş ərazilərimizin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi potensialı var.
Ölkəmizin iqtisadi imkanlarının artması beynəlxalq münasibətlər sistemində yerinin və rolunun yüksəlməsi ilə müşayiət olunur. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi də dünya birliyində nüfuzunu artırır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, Azərbaycan bu Qələbəni nəyin bahasına əldə etdi, hansı risklərə getdi, hansı qüvvələrlə mübarizə apardı və bu gün də aparır. Müharibə bitsə də mübarizə hələ davam edir. Azərbaycanın haqlı mövqeyi, hərbi, siyasi gücü, iqtisadi müstəqilliyi bu mübarizədə də qalib gələcəyinə böyük əminlik yaradır”.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsində özünün aydın ifadəsini tapır. Yeni ilin ilk günlərindən sosial paketin təsdiqlənməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqama xüsusi diqqət çəkdi ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı İlham Əliyevin bəhs etdiyimiz müsahibəsində biri-birindən mühüm məqamlar, çağırışlar, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlar əksini tapıb ki, onların fonunda qalib Azərbaycanın bu gün dünya birliyində hansı mövqeyə malik olduğunun aydın mənzərəsini görməklə yanaşı, beynəlxalq ictimaiyyətin də bu reallıqları qəbul etməsindən böyük qürur hissi keçiririk: “Tarixi Zəfərimizdən sonra 30 illik işğal dövründə soydaşlarımızın, doğma ərazilərimizin, köçkün vətəndaşlarımızın yaşadıqları faciələrə, çətinliklərə, sözlə ifadə edilməsi mümkün olmayan acılara baxmayaraq Ermənistana təklif edilən sülh müqaviləsindən, işğalçı dövlətin iki ildən artıqdır bu sənədin imzalanması prosesinin uzanmasında maraqlı olmasından ətraflı danışan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sonda bu mesajı bir daha qarşı tərəfə çatdırdı: “Lakin bu, masa üzərində bir müddət olacaq”.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev müsahibəsində Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini bir daha diqqətə çatdırdı: “Ölkə Prezidenti bildirdi ki, xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin.
Dövlətimizin siyasəti həmişə əməkdaşlığa hesablanıb. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Azərbaycanın həm Qarabağ məsələsində haqlı olduğunu artıq dünyanın aparıcı qüvvələri qəbul etdilər, həm də tərəfdaşlıqda ölkəmizin sözlə əməl birliyini əsas götürməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan atdığı hər addımında ədaləti, beynəlxalq hüququ önə çəkməklə yanaşı, yalnız özünü deyil, digər ölkələri də düşünərək birgə səylərin göstərilməsinə çağırışlar edir. Azərbaycan birlik, həmrəylik, əməkdaşlıq çağırışları ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılması ilə bağlı təklifi də mühüm məqamlara işıq salır. Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası ilə bağlı işğalçı Ermənistana sanksiyaların tətbiqini gözlədi. Amma təəssüf ki, bu qətnamələr 30 il kağız üzərində qalaraq saraldı. Lakin elə vaxtlar da oldu ki, Azərbaycan bu tipli qətnamələrin 1-2 saat ərzində icrasının şahidi oldu. BMT qətnamələrinin icrası üçün vahid mexanizmin olmaması, onların zamana və məkana görə tətbiqi birmənalı qarşılana bilməz. BMT Təhlükəsizlik Şurasının üzvlərindən üçü, eyni zamanda, artıq arxivə atılmış, keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləridir. 30 illik işğal dövrünün reallıqları dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı vəziyyətin aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, BMT-yə bizim münasibətimiz indi bəllidir: “Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əgər belə yumşaq demək mümkündürsə əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Mən də bu fikrin tərəfdarıyam. Mən hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir. Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır”.
YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, bütün hallarda Azərbaycan ədalətin, beynəlxalq hüququn yanındadır: “ Ölkəmiz ədaləti bərpa etmək üçün uğurlu siyasət həyata keçirir. Qərbi Azərbaycana qayıdacağımızla bağlı çağırışlar da özündə tarixi ədaləti ehtiva edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır” çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq, ədalət dərsidir”.