Deputat: ““Charlie Hebdo” jurnalının bu addımı insanlığa sığmayan bir əməldir”
Fransanın satirik “Charlie Hebdo” jurnalının Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı karikaturası qınaqla qarşılanıb. Belə ki, “Türkiyədə zəlzələ” karikaturasında “Artıq tank göndərməyə ehtiyac yoxdur! İfadələri qeyd olunub.
Məsələ ilə bağlı bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, çox təəssüf ki, qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində çox sayda vəfat edən, yaralılar var və çox böyük miqyasda yaralı var.
“Azərbaycan da daxil olmaqla dünyanın əksər dövlətləri qardaş Türkiyəyə yardım əlini uzadıblar, xilasedicilər, yardım vasitələri göndəriblər. Bu proses bu gün də davam etməkdədir. Həm dövlətimiz, həm vətəndaşlarımız qardaş Türkiyənin yanındadır. Belə bir dar gündə yenidən gündəmə gələn Fransanın “Charlie Hebdo” jurnalı hərkəs tərəfindən qınaq obyektinə tuş gəlib. Onlar bundan öncə Məhəmməd Peyğəmbəri, İslam dinini təhqir etmişdilər, əsassız və mənasız karikatura paylaşmışdılar. Ötən gün isə Türkiyədə baş verən zəlzələ ilə bağlı nifrət yaradan karikatura dərc ediblər. Onlar bunu söz azadlığı kimi qiymətləndirirlər. Ancaq mən düşünürəm ki, bu insanlığa sığmayan, insanlıq əleyhinə olan bir əməldir”.
"Bu gün bütün dünya ölkələri, hətta Türkiyə ilə münasibətləri yaxşı olmayan ölkələr belə Türkiyəyə başsağlığı verirlər, yardım əlini uzadırlar. Belə bir məqamda Türkiyəni təhdid və təhqir etmək, “tanklara ehtiyac qalmadı” ifadəsini işlətmək, karikatura dərc etmək şərəfsizlikdən başqa birşey deyil" - deyə, deputat əlavə edib:
"Bu gün bizim qarşımızda duran əsas məsələ bu ağır günü dəf etmək, yardım çatdıra bilməkdir. Zamanı gələndə onların da cavabı veriləcək, onlar bu əməllərinə görə peşmançılıq keçirəcəklər. Təbii fəlakət bu gün bizim qapımızdadırsa, sabah sənin qapında olacaq. Mən düşünürəm ki, bu əməli edən və bu karikaturanı paylaşan dünya gündəminə çevrilən bu jurnal, rəhbərləri və karikaturanın arxasında duranlar vaxt gələcək törətdikləri əməllərə görə peşmançılıq keçirəcəklər”.