Stoltenberq: Biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyirik
Biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyirik. Bu, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğundur.
1news.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell və Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib.
O deyib ki, bu müharibəni Rusiya Prezidenti Vladimir Putin başladıb və “o, bunu imperial maraqları naminə Ukraynanı işğal etmək üçün edib”.
“O, Ukrayna xalqının qətiyyətini, gücünü və bizim həmrəyliyimizi düzgün qiymətləndirməyib. Putinin hərəkətlərində sülhə doğru addımla bağlı heç bir nişan görmürük. O, bu gün də çıxışında elan etdi ki, yeni müharibəyə hazırlaşır. Yeni qüvvələr səfərbər edir. İran və Şimali Koreya kimi ölkələrdən silahlar alır. Biz eyni zamanda, narahatıq ki, Çin Rusiyaya silah sata bilər. Putin bu müharibədə qalib gəlməməlidir. Bu, bizim üçün, dünya üçün təhlükəlidir. Biz Ukraynanın qalib gəlməsi üçün ona lazım olanı verməliyik. Müttəfiqlərimizin hərbi dəstəyini alqışlayıram. Biz hərbi yardımı sürətləndirməliyik və bunu bu gün müzakirə etdik. Biz razılığa gəldik ki, Ukrayna silahalma sistemini inkişaf etdirməlidir, proses şəffaf olmalıdır. Biz Aİ, NATO və Ukraynanın satınalma üzrə ekspertlərinin görüşü barədə razılığa gəldik. Ukraynanın Avro-atlantik ailədə gələcəyini təmin etməyə əmin olmalıyıq. NATO Ukraynanın yanında olmağa davam edəcək”, - Stoltenberq qeyd edib.
APA