Azərbaycan karateçiləri BƏƏ-də turnirdə iştirak edir
Fevralın 23-də Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində Karate1 Gənclər Liqası turniri start götürüb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparacaqlar.
Fevralın 26-dək davam edəcək turnirdə 67 ölkədən 1169 idmançı mübarizə aparır. Azərbaycan turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyətlə təmsil olunur. Karateçilərimiz milli komandanın məşqçilərindən Şahin Xudaverdiyev, Seymur Xudaverdiyev və Akif Kərimovun rəhbərliyi ilə yarışacaqlar.
Beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev qarşılaşmaların idarə olunmasında iştirak edəcəklər.