Sahibə Qafarova Pİ-in 146-cı Assambleyasında azərbaycanlıların Ermənistana qayıtmaq hüququnun olduğunu bəyan edib
Azərbaycanlılar əsrlər boyu məskunlaşdıqları indiki Ermənistandan bir neçə mərhələdə zorla qovulub.
1news.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında “Dinc birgəyaşayışın və inklüziv cəmiyyətlərin təşviqi: dözümsüzlüklə mübarizə” mövzusunda çıxışında bildirib.
Özündən əvvəl çıxış etmiş Ermənistan parlamenti spikerinin səsləndirdiyi fikirlərə toxunan Sahibə Qafarova bu fikirləri Ermənistanın həyata keçirdiyi saxtakarlığın və təhrifin növbəti təzahürü kimi qiymətləndirib, onun 1980-ci illərin sonunda baş vermiş sonuncu mərhələnin 300 mindən çox azərbaycanlının qovulması ilə nəticələndiyini qeyd etməməsinin təəccüb doğurduğunu bildirib.
İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun olduğunu deyən spiker bu hüququn Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq aktlarda təsbit edildiyini vurğulayıb: "Ermənistan həmin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına şərait yaratmalı və qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməlidir".