Baş nazir azad olunmuş ərazilərdə görülən işlərdən danışdı
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.
O qeyd edib ki, hesabat dövrü ərzində işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 2241 km təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri və Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar işlərin yerinə yetirilməsi davam etdirilmişdir.
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınmışdır. Burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 mln. manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır”, - deyə Baş nazir bildirir.
O əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamı imzalanıb.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.