Aİ-nin enerji komissarı: 2022-ci il enerji təhlükəsizliyi baxımından Avropa üçün mürəkkəb bir il oldu
2022-ci il enerji təhlükəsizliyi baxımından Avropa üçün mürəkkəb bir il oldu.
1news.az APA-ya istinadla xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasiminin iştirakçılarına videomüraciətində deyib.
O bildirib ki, Avropa İttifaqı blokun enerji təchizatının təhlükəsizliyi üçün plan qəbul edib: “Qəbul etdiyimiz plan və atdığımız addımlar enerji təchizatında əhəmiyyətli dəyişiklik yaratdı. Rusiya qazından asılılıq aradan qalxdı və enerji təchizatında diversifikasiyaya nail olmaq mümkün oldu. 2023-cü ilin başlanğıcından bəri bizim qaz kəmərləri 10 faizdən az Rusiya qazı idxal edir. Bu il ərzində Aİ həm də təhlükəsiz təchizatı gücləndirib. Qaz təchizatı üçün vacib infrastrukturlar qurulub və qurulur, xüsusilə də Mərkəzi və Cənub-Şərqi Avropada bu infrastrukturlar yaradılır.
Qaz vacib enerji mənbələrindən biri olaraq qalır. Buna görə də bizim qaz infrastrukturuna investisiya qoymağımız vacibdir, xüsusilə də qeyri-Rusiya mənbələrindən Avropa qazın ötürülməsi üçün. Bu, xüsusilə də Mərkəzi və Şərqi Avropa üçün vacibdir. Nəzərə alsaq ki, onlar uzun illər Rusiya qazından asılı olub”.
Kadri Simson qeyd edib ki, Ukraynadakı müharibə başlayan zaman bu ölkələrin Rusiya qazından imtinası onlar üçün ciddi çətinliklər yaradıb və Avropa İttifaqı bunun fərqindədir və Avropa Komissiyası bu çətinliklərin öhdəsindən gəlmək üçün həll yolları üzərində işləyib: “Buna görə də Slovakiya, Macarıstan, Bolqarıstan, Rumıniya və Azərbaycanın liderlərinin bu istiqamətdə əməkdaşlığı, imzalanan Anlaşma Memorandumu vacibdir. Bu, regionun effektiv şəkildə qaz təchizatına töhfə verəcək. Azərbaycan Avropa İttifaqının bu sahədə etibarlı tərəfdaşıdır. Bu ilin qışında Azərbaycandan idxal olunan qaz enerji təchizatında ciddi rol oynayıb və Avropa Komissiyası bu səyləri yüksək qiymətləndirir”.
O vurğulayıb ki, Avropa Komissiyası region ölkələrinin və Azərbaycanın bu şaxələndirmədə təşəbbüslərini dəstəkləyir.