“Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh mümkündür”
“Vaşinqton hesab edir ki, Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh mümkündür”.
1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bildirib.
O, Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton danışıqlarını belə şərh edib: “ABŞ bu danışıqların tərəfi olmayıb. Amma Arlinqtonda apardığımız danışıqların davamı olaraq, bunların irəliləmək üçün vacib addımlar olduğuna inanırıq və əvvəki kimi hesab edirik ki, bu iki ölkə arasında davamlı sülh mümkündür”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın Vaşinqtondakı görüşü 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Danışıqlardan sonra Blinken bəyan edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması yolunda əhəmiyyətli irəliləyiş əldə ediblər.
Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşü baş tutub.