Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 100 gün qaldı!
Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda 2-6 oktyabr tarixlərində keçiriləcək qlobal kosmik tədbir – Beynəlxalq Astronavtika Konqresinə 100 gün qalıb.
1news.az xəbər verir ki, Bakı Konqresinə hazırlıqlar sürətlə davam edir. Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger Konqresə ev sahibliyi edən Bakının tədbirə hazır olduğunu və qlobal miqyasda artan həyəcanı ifadə edərək “bu, heyrətamiz hadisə olacaq” deyə bildirib.
Azərkosmosun sədri Saməddin Əsədov qeyd edib: “Azərbaycanda bu ilin ən böyük işgüzar tədbirlərindən biri olan Beynəlxalq Astronavtika Konqresinə cəmi 100 gün qalıb. Bu tədbir üçün 8000 m2 sahədə müvəqqəti Sərgi pavilyonu təşkil olunacaq. Sərgi pavilyonu Konqresə sponsor olacaq beynəlxalq kosmik şirkətləri və sərgi iştirakçılarını qəbul edə biləcək. Sevindirici haldır ki, kosmos sahəsindən olan iri şirkətlər Bakı Konqresinə böyük maraq göstərirlər”.
Qeyd edək ki, pavilyonda iştirakla bağlı artıq 50-dən çox təşkilatla müqavilə imzalanıb. Agentlik və şirkətlər arasında ABŞ-nin “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.
Xatırladaq ki, tədbir futuristik Bakı Konqres Mərkəzindən, görkəmli memar Zaha Hadidin layihələndirdiyi möhtəşəm Heydər Əliyev Mərkəzindən və Sərgi pavilyonundan ibarət Bakı Konqres Kompleksində keçiriləcək.
Kosmik sahədə qlobal tədbirə hazırlığın digər böyük uğuru Bakı Konqresinə təqdim edilən elmi məqalələrin sayındadır. Bakı Konqresinə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub.
“Dünyanın əsas kosmik tədbirinə qeydiyyat sürətlə artır və bütün müraciət edənlərin 50%-dən çoxunu dünyanın müxtəlif yerlərindən olan gənclər təşkil edir. Bakıda keçiriləcək Konqresin onların karyerasına müsbət təsir edəcəyinə inanırıq”, – deyə Saməddin Əsədov hər kəsi qlobal Bakı Konqresinə qoşulmağa dəvət edib.
74-cü Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsi üzrə ölkələrin öz fəaliyyətlərini müzakirə etmək, biznes əlaqələri yaratmaq imkanları olacaq. Bu, təkcə Cənubi Qafqazı deyil, həm də Türkiyəni, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini əhatə etməklə Azərbaycanın və regionun akademik və biznes sahəsi üzrə kosmik sektorun ekspertləri və liderləri ilə əlaqə yaratmaq üçün unikal şansdır.
Qlobal kosmik tədbirin bir hissəsi olmaqla iştirakçılar, həmçinin Azərbaycanın qonaqpərvərliyi, zəngin mətbəxi və mədəniyyətini görmək imkanı qazanacaqlar.
Beynəlxalq Astronavtika Konqresinə dair ən son yeniliklərlə www.iac2023.org saytından tanış ola bilərsiniz.
Bakı Konqresində sponsorluq imkanları və sərgi haqqında ətraflı məlumat üçün [email protected] elektron ünvanına yaza bilərsiniz.
Konqresdə iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.