Mandatından qaçaqmalçılıq üçün istifadə edən BQXK: “Beynəlxalq ictimaiyyət cavab verilməlidir” - ŞƏRH
“Biz dəfələrlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin, eyni zamanda Rusiya sülhməramlılarının erməni quldur dəstələrini, seperatçıları hansısa halda dəstəkləməsini, onlara silah-sursat, qadağan edilmiş məhsulların çatdırılmasında vasitəçilik etdiyinin şahidi olmuşuq”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Ancaq təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət bunu görməzdən gəlirdi. Laçın yolu üzərində Azərbaycan tərəfindən nəzarət keçid məntəqəsi qurulmasından sonra bu yolu humanitar yardım üçün, ancaq keçənlər yoxlanılmağa başlanıldı. Bu yoxlamalar nəticəsində də məhz Beynəlxalq Qırmızı Xaç Komitəsinin qaçaqmalçılıqla məşğul olduğunu sübut edən kifayət qədər faktlar əlimizə düşdü”.
Deputat bildirib ki, ilk növbədə bəzi suallara cavab tapılmalıdır, “nəyə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan ofisi fəaliyyət göstərdiyi halda, məhz Azərbaycan ərazilərinə Ermənistan ofisinin nümayəndələri səfərlər təşkil edir?”, ikinci sual isə, “Nə üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi öz mandatının xaricində işlərlə məşğul olur?”.
“Mən düşünürəm ki, bu hal beynəlxalq ictimaiyyətə geniş şəkildə çatdırılmalıdır və bu suallara beynəlxalq ictimaiyyət tərəfindən cavab verilməlidir. Biz Azəbaycan ərazilərində terrorun, təxribatların, hərhansı bir qanunsuz fəaliyyətin dayandırılmasını istəyirik. Nə vaxta qədər ki, beynəlxalq təşkilatlar tərəfindən seperatıçılara mandatlarından kənar dəstək göstərəcəklərsə, o vaxta qədər təxribatın, terrorun və qanunsuz fəaliyyətlərin kökünü kəsmək çətin olar. Bu baxımdan da mən düşünürəm ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin Azərbaycan ərazisindəki fəaliyyəti dayandırılmalıdır, onlar ümumiyyətlə Azərbaycan ərazilərinə buraxılmamalıdırlar. Azərbaycan fəaliyyət göstərən ofisləri bu fəaliyyəti özü həyata keçirməlidir, belə olduğu təqdirdə onların hansısa qaçaqmalçılıq, missiyasını yerinə yetirməsi, ermənilərin rüşvətlə hansısa qanunsuz işlərinin qarşısı alınacaq. Belə olduğu təqdirdə erməni əsilli vətəndaşlar Azərbaycan tərəfindən olan yardımları qəbul edəcəklər. Onlar bunu çoxdan istəyirlər, yalnız separatçılar və qanunsuz silahlı birləşmələri bu prosesi yubadırlar. Bütün bunlarla yanaşı, biz bacardığımız qədər çalışmalıyıq ki, rus sülhməramlılarının da nəzarətində, alternativ yollarla bu ərazilərə qaçaqmalçılıq və silah daşımasının qarşısını alaq və çalışaq ki, bu hallar olmasın. Düşünürəm ki, Rusiya tərəfi də bu proseslərə ciddi nəzarət etməlidir”.
N.Həmzəyev əlavə edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan ofisi konkret olaraq bizneslə məşğuldur.
“Bu faktlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsas ofisinə təqdim olunmalıdır və Ermənistanın ofisinin fəaliyyəti dayandırılmalıdır. Bu missiyanı Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi həyata keçirməlidir. Belə olduğu halda bucür qanunsuz fəaliyyətin qarşısını almaq olar”.
Xatırladaq ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu gün yaydığı məlumatda Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid nəqliyyat vasitələrində ayrı-ayrı vaxtlarda müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlandığı qeyd olunub.