Körpələrin qidalanması zamanı nələrə diqqət yetirilməlidir? - Həkim-pediatrdan suallara cavab | 1news.az | Xəbərlər
Müsahibə

Körpələrin qidalanması zamanı nələrə diqqət yetirilməlidir? - Həkim-pediatrdan suallara cavab

Qafar Ağayev11:15 - 18 / 07 / 2023
Körpələrin qidalanması zamanı nələrə diqqət yetirilməlidir? - Həkim-pediatrdan suallara cavab

Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov körpələrin qidalanması ilə bağlı sualları cavablayıb.

1news.az müsahibəni təqdim edir:

- Doktor, ilk öncə bilmək istərdik ki, 0-12 aylıq körpənin gündəlik qidalanma cədvəli necə və hansı aralıqda olmalıdır?

– Körpələrin qidalandırması üçün qəbul edilmiş cədvəllərin olmasına baxmayaraq, bu məsələdə hər bir körpəyə fərdi yanaşmaq lazımdır. Elə uşaq var ki, tez-tez yemək istəyir, digəri isə bir dəfəyə çox yeyir və növbəti qidaya qədər olan müddət onun rejimində daha uzun olur. Eyni zamanda, onlar böyüdükcə həm birdəfəlik qida miqdarları, həm də qidalar arasındakı zaman da artır. Tibb mütəxəssisləri uşaqda aclıq hissi yarananda onları qidalandırmağı məsləhət görürlər.

Əksər yenidoğulmuşlar hər 2-3 saatdan bir və ya gün ərzində 8-12 dəfə qidalana bilərlər. Həyatın ilk günlərində bir qidalanma həcmi 15-20 ml olur, sonra 30-60 ml-ə qədər qalxır və körpənin 3-4 həftəsinə artıq 60-90 ml-ə kimi çatır.

İki ayadək uşaqlar gün ərzində bədən çəkisinin təqribən 1/5 qədər (600-900 ml) qida qəbul edirlər. İki aylıq körpələr birdəfəyə təqribən 120-150 ml, dörd ayında 120-180 ml gündə 6-8 dəfə yeyə bilərlər. 6-12 ay ərzində uşaqlar gün ərzində 210-240 ml olmaqla 4-6 dəfə qidalana bilərlər. 2-4 aylıq uşaqlar üçün gündəlik qidanın həcmi çəkilərinin 1/6-i, yəni 800-1000 ml, 4-6 ay üçün çəkinin 1/7-i (900-1000 ml), 6 aydan 1 yaşadək isə bu çəkinin təqribən 1/8-i, yəni 1000-1200 ml qədər olur.

6 ayadək uşaqda çəki hər ay təqribən 600-800 qr, 6 aydan sonra isə təqribən 400-600 qr artır.

- Əlavə qidaları nə vaxtdan körpəyə vermək olar?

- Körpələrin ən azı 6 ayadək ana südü ilə qidalanması çox mühüm əhəmiyyət kəsb edir. Çünki hərtərəfli inkişaf üçün, xüsusən də mədə-bağırsaq sisteminin tədricən ağızdan qəbul edilən qidaya öyrəşməsi, immun sisteminin normal fəaliyyəti, ana-uşaq əlaqələrinin yaranması və s. üçün ana südü ilə qidalandırma çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalanmasını, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşa qədər əmizdirilmənin davam etməsini tövsiyə edir.

- Bəs təbii meyvə şirələrinə nə vaxtdan başlamaq olar?

- Əvvəllər meyvə şirələrini, məsələn alma şirəsini 3 ayından sonra başlayaraq vermək məsləhət görülürdüsə, indi isə ümumiyyətlə meyvə şirələrini 1 yaşadək məsləhət görmürlər.

- Doktor, körpələrin su rejimi necə olmalıdır?

- 1 yaşadək uşaqların suya olan tələbatları böyüklərdəki kimi deyil. Belə ki, suyun artıq verilməsi bu yaş qrupunda olan uşaqlarda müəyyən problemlərə gətirib çıxara bilər. Körpələrin suya qarşı olan tələbatı bu yaş qrupunda ana südü və ya süni qida ilə tam qarşılanır. Çünki ana südünün və ya süni qidanın demək olar ki, təqribən 95 faizi sudur və onlar həm qidaya, həm də suya olan tələbatı tam ödəmək iqtidarındadırlar. Bu baxımdan, ÜST istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayadək uşaqlara su verilməsini məsləhət görmür.

6 aydan bir yaşadək uşaqlarda isə az-az olmaqla gün ərzində 60-100 ml qədər su verilə bilər. Bu suyun qidalardan sonra verilməsi tövsiyə olunur.

Bu yaşda əlavə su verilməsi sutkalıq qəbul olunmalı südün miqdarını azalda bilər, çünki mədə dolacaq, iştah azalacaq. Nəticədə uşaq süd və ya süni qidanı qəbul etməyəcək, sonda böyümə üçün lazımi kalori və qida maddələrini almadığı üçün kütlə və vitamin, mineral defisiti yarana bilər və ya inkişafı yavaşlayar.

- Süni qidalanma seçmək məcburiyyətində olan analar nəyə diqqət etməlidirlər?

- Birinci növbədə uşağın yaşına uyğun qidaları seçmələri lazımdır. Hazırda satılan formulaların üzərində yaşdan asılı olaraq “0”,”1”,”2”,”3” yazıları var. “0” yarımçıq doğulan uşaqlar üçün nəzərdə tutulur, “1” nömrə yazılan formulalar 0-6 yaş qrupu, “2” – uyğun olaraq 6-12, “3” isə 12 aydan böyük yaş qrupu üçün nəzərdə tutulub. Yaş artdıqca uşaqların bu və ya digər minerallara, vitaminlərə, kaloriyə ehtiyacları dəyişdiyi üçün bu formulaların da tərkibləri fərqlidir, və uşağa süni qida veriləndə mütləq onun hansı yaş qrupuna aidliyinə fikir vermək lazımdır.

Əgər uşaqda köp problemləri, laktaz çatışmazlıq, reflyuks xəstəliyi, allergiya və s. yoxdursa standart smeslərdən körpələrə verilə bilər. Ancaq hansısa problem varsa, həkimə müraciət etməlidirlər.

Bəzən olur ki, valideynlər öz-özlərinə yüksək və ya hissəvi hidrolizə edilmiş və ya amin turşu tərkibli formulalara keçirlər. Onu bildirmək istərdim ki, bu düzgün deyil. Hissəvi hidrolizə edilmiş formulalar da allergiya yaranma ehtimalı var, yüksək hidrolizə edilmiş və amin turşu tərkibli formulalar isə müalicəvi formulalar olduqlarından onları özbaşına təyin etmək olmaz. Ümumiyyətlə, allergiya əleyhinə olan smesləri təyin etməzdən əvvəl analiz vermək və əmin olmaq lazımdır ki, süd zulallarına qarşı allergiya var ya yox.

- Gecə körpəni qidalandırmaq lazımdırmı?

- Körpənin gecə qidalanması da lazımdır. Bu, elmi cəhətdən sübut edilmiş faktlara əsaslanır. Bir yaşa qədər körpələrdə maddələr mübadiləsi sürətlənir, qida daha tez həzm olunur və təbii ki, gecələr onlarda aclıq hissi yaranır. Süni qidalanmada olan uşaqlara gəldikdə isə, onların gecə oyanıb yeməsi ehtimalları daha azdır. Əksər hallarda 6-7 ayından sonra onlar gecələr qidalanma üçün oyanmırlar.

- Gecə qidalandırmanı əgər valideyn dayandırmaq istəyərsə bunu nə vaxt etməlidir?

- Belə bir məcburiyyət yaranarsa, təbii qidalanan uşaqlarda 6 ayından sonra, süni qidqalananlarda isə bir qədər tez də etmək olar, ancaq kütlə artımı nəzərə alınmaqla.

- Südverən ana körpənin sağlamlığı üçün hansı qidalardan imtina etməsini tövsiyə edirsiniz?

- Südverən analar çoxlu su içməlidirlər, təqribən gün ərzində 2-2,5 litrəyə qədər. Eyni zamanda, bol meyvə-tərəvəzdən istifadə olunmalıdır. Südverən anaların qida rasionunun tərkibində kofein olan qidalardan, “Fast food”lardan, yarımfabrikatlardan, ədviyyatlardan, alkoholdan, tərkibində civə çox olan dəniz məhsullarından (bəzi balıq növləri - tuna balığı, skumbriya və s.) uzaq durmaları məsləhət görülür.

Paylaş:
19229

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər