Yeni dayanacaq tarifləri qüvvəyə minir: Bakı küçələrində nə dəyişib? – FOTO – VİDEO
Bu gündən Bakıda nəqliyyat vasitələrinin parklanması üçün yeni tariflər qüvvəyə minib.
Xatırladaq ki, iyunun 25-də yeni tariflər təsdiq edilib, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Bu qərar dövlət yollarında təşkil edilmiş dayanacaqlara şamil edilir.
Dayanacaq qiymətləri şəhərin mərkəzində və yaşayış massivlərinin kənarında yerləşən parkinq yerlərindən asılı olaraq şaxələndirilib. Bakı şəhəri üçün 4 parkinq zonası müəyyən edilib və hər zonaya görə ödənişlər tutulur. Parkinqin qiyməti 30 qəpikdən 1 manata qədərdir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən, avtomobillərin ödənişli dayanacaqlarda 15 dəqiqəyə qədər saxlanmasına görə ödəniş tələb olunmur. 22:00-dan 07:00-a qədər, həmçinin bazar günləri avtomobillərin parklanması pulsuzdur.
Qərarın bu gündən qüvvəyə minməsinə baxmayaraq, praktikada hələlik heç bir dəyişiklik baş verməyib.
Xüsusilə, Bəsti Bağırova və Məhəmməd Naxçıvani (6-cı Paralelnaya) küçələrində yeni ödəniş sxeminə keçid əlaməti yoxdur. Ərazidə qeyri-qanuni parkinq işçiləri hələ də “işləyir”. Burada Bakı Nəqliyyat Agentliyinin lövhələri də quraşdırılıb ki, tariflər tətbiq olunana qədər bu ərazidə parkinq pulsuzdur.
Dayanacaq işçilərinin özləri kameranı görən tələsik jiletlərini çıxarıb iş yerini tərk edirlər. Lakin onlardan biri kamera qarşısında olmasa da, danışmağa razı olub. 50-55 yaşlı kişi 8 ildir bu sahədə işlədiyini, ailəsini belə dolandırdığını deyib. İndiyədək onlara heç kim heç nə deməyib. O, rəsmi şəkildə işləməyə hazır olduğunu da qeyd etdi, ancaq sürücülərdən bir saat saxlamağa görə bir manat və ya 70 qəpik alınsa, çətin ki, burada dayanan olsun.
Lakin sürücülərin pulu necə ödəyəcəyi hələlik bəlli deyil. Bundan əvvəl şəffaflığın təmin edilməsi üçün yalnız nağdsız ödənişlərin qəbul ediləcəyi bildirilirdi. Bəs bunu kim və necə alacaq? Teorik olaraq, parkinq cihazları quraşdırılmalıdır, lakin onlar hələ mövcud deyil.
Ola bilsin ki, yaxın günlərdə hər şey aydınlaşsın. Rəsmi strukturlar illərdir ki, yeni tariflərin tətbiqi ilə bağlı qərara hazırlaşır. Amma təəssüf ki, bu qərar qüvvəyə minənədək onun icrasına hazır deyildilər.
1news.az-ın əməkdaşlarının hazırladığı reportajı təqdim edirik:
Müxbir: Teymur Maksudov
FOTO və VİDEO: Nadir İbrahimli