Fransa ilk dəfə Polineziya ilə bağlı iclasa qatılacaq
Fransanın daxili və dənizaşırı ərazilər naziri Gerald Darmanin prezidentin göstərişi ilə Fransa Polineziyası ilə bağlı 4-cü Komitənin işində ilk dəfə iştirak edəcəyini bildirib.
1news.az Report-a istinadla xəbər verir ki, bu barədə nazir "X" sosial səhifəsinə paylaşım edib.
Qeyd edək ki, Fransanın Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirməsinə cavab olaraq sentyabrın 22-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT Baş Assambleyasının (BA) Yüksək Həftəsi çərçivəsində təşkilatın mənzil qərargahında "Dekolonizasiya. Sakit Inqilab” adlı konfrans keçirilib. Bu haqda təşkilatın rəsmi mətbuat orqanında məlumat yerləşdirilib.
Tədbirdə dünyanın müxtəlif regionlarında yerləşən Fransanın dənizaşırı ərazilərində yaşayan müstəqillik tərəfdarı olan 30-a yaxın şəxs iştirak edib. Konfrans dənizaşırı ərazilərin iştirakı ilə dekolonizasiya mövzusunda BMT-də keçirilən ilk tədbir kimi yadda qalıb. Yekun sənəd iştirakçılar tərəfindən imzalanıb və bəyannaməyə qoşulan tərəflərin adları sənəddə qeyd olunub. Bəyannamə 4 dilə (ingilis, fransız, ispan və rus) tərcümə edilərək, yayılıb. İyirmidən artıq xarici KİV-də tədbir haqqında məlumat verilib.
Konfrans iştirakçıları Fransadan müstəmləkə siyasətindən əl çəkməyi və BMT BA-nın dekolonizasiya üzrə qəbul etdiyi qətnamələri yerinə yetirməyi tələb ediblər. Fransız Polineziyasının nümayəndə heyəti digər məsələlərlə yanaşı, BMT BA-nın 4-cü Komitəsində (Siyasi və dekolonizasiya) etdiyi çıxışlar zamanı Fransa səfirinin hər dəfə nümayişkəranə şəkildə zalı tərk etməsini, rəsmi Parisin onlarla dialoqdan qaçmasını qınayıb.
Bu fakt bir daha Bakı Təşəbbüs Qrupunun Nyu-Yorkda keçirdiyi konfransın Fransanı necə narahat etdiyini və dənizaşırı ərazilərlə dialoqa başlamağa məcbur olduğunu sübut edir.