Aşqabadda “Heydər Əliyev – Azərbaycan və Türkmənistan qardaşlığı” adlı tədbir keçirilib - FOTO
Aşqabadda Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan və Türkmənistan qardaşlığı” adlı tədbir təşkil olunub.
1news.az xəbər verir ki, tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə konsert və sərgi keçirilib.
Çıxış edən Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında müstəsna xidmətlərini vurğulayıb. Bildirilib ki, Heydər Əliyevin mütərəqqi siyasi kursu ortaq tarixə və mədəni dəyərlərə malik Azərbaycan və Türkmənistan arasında qarşılıqlı etimad və hörmətin formalaşmasında, eləcə də hərtərəfli tərəfdaşlıq əlaqələrinin yaranmasında əhəmiyyətli rol oynayıb. Ümummilli lider o cümlədən, Türkmənistanla çoxvektorlu əməkdaşlığın genişləndirilməsinə töhfə verib. Azərbaycanın Türkmənistandakı səfiri həmçinin bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Həmçinin, Azərbaycan-Türkmənistan münasibətlərinin uğurlu dinamik inkişafı vurğulanıb.
Tədbir Azərbaycanın və Türkmənistanın tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam edib.