Naxçıvanda fəaliyyət göstərən media nüməyəndələri üçün seçkilərlə bağlı onlayn seminar keçirilib
2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar silsilə maarifləndirmə tədbirləri çərçivəsində Mərkəzi Seçki Komissiyası və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda fəaliyyət göstərən media nümayəndələri üçün onlayn seminar baş tutub.
1news.az xəbər verir ki, seminarda çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova Agentlik tərəfindən seçki prosesini işıqlandıran media nümayəndələri ilə interaktiv əlaqə saxlanıldığını, onların suallarının operativ cavablandırıldığını, ölkəyə qarşı yönəlmiş qərəzli və sistemli saxta xəbərlərin aşkarlanaraq ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə effektiv işin qurulduğunu diqqətə çatdırıb.
Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev isə qeyd edib ki, media nümayəndələri sərbəst şəkildə istənilən məntəqədə və ya dairədə seçkiləri müşahidə etmək hüququna malikdirlər. O vurğulayıb ki, media təmsilçilərinin öhdəliyi seçki prosesinin bütün mərhələlərində şəffaflığa nəzarət, seçkinin gedişini və nəticələrini obyektiv işıqlandırmaqdır.
Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.