Sevinc Fətəliyeva: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılmasına böyük imkanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevinc Fətəliyeva: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılmasına böyük imkanlar var

Qafar Ağayev09:43 - Bu gün
Sevinc Fətəliyeva: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılmasına böyük imkanlar var

“Azərbaycan öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür”.

Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

"Dövlətimiz beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə və təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Ölkəmiz ABŞ-la münasibətlərdə də məhz belə yanaşma ortaya qoyur”.

Deputat bildirib ki, ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Müasir beynəlxalq münasibətlər sisteminin güc mərkəzlərindən biri olan Amerika Birləşmiş Ştatlarına da Azərbaycanın bu mövqeyi yaxşı məlumdur.

Millət vəkilinin sözlərinə görə, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-la çoxşaxəli əlaqələr qurub.

"Belə ki, ölkəmiz ABŞ-ın beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Təbii ki, Azərbaycan ABŞ və NATO ilə “Sülh naminə tərəfdaşlıq” və “Fərdi tərəfdaşlıq” proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, həmçinin ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq onunla birlikdə dünyanın müxtəlif münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib. Eyni zamanda, enerji sahəsində də vacib əməkdaşlıq mövcuddur. Lakin Bayden administrasiyasının hakimiyyəti dövründə münasibətlərimizdə müəyyən soyuqluq yaranmışdı. Belə ki, Ermənistana havadarlıq edən və Azərbaycana müxtəlif bəhanələrlə təzyiqlər göstərən Bayden administrasiyası, əslində, rəsmi Vaşinqtonun regiondakı maraqlarına ciddi zərbə vurmuş oldu".

Sevinc Fətəliyeva qeyd edib ki, artıq yanvarın 20-də vəzifəsinin icrasına başlayan Donald Tramp administrasiyasının özündən əvvəlki hakimiyyətin səhvlərini aradan qaldıracağına inam böyükdür.

“Çünki Tramp hakimiyyətinin birinci dönəmində də ölkələrimiz arasında münasibətlər normal məcrada inkişaf edib. Prezident İlham Əliyev də yanvarın 21-də cənab Trampa ünvanladığı təbrik məktubunda nikbin mövqe ifadə edərək vurğulayıb: “Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlarla fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik. İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir””.

“Beləliklə, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılmasına böyük imkanlar var. Ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf edəcəyi yeni perspektivlər vəd edir”, - deyə deputat vurğulayıb.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər