Ukrayna Ali Radası demokratiya və Zelenskinin legitimliyi haqqında qətnaməni dəstəklədi

Ukrayna Ali Radası "Rusiyanın təcavüzü şəraitində Ukraynada demokratiyaya dəstək haqqında bəyanat"ı dəstəkləyib.
1news.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna xalq deputatı Yaroslav Jeleznyak Telegram kanalında məlumat verib.
"İkinci cəhddə bu gün 13 041 saylı Demokratiya haqqında Qətnamə (həmçinin Zelenskiyə və qarşıdan gələn seçkilərə dəstək) qəbul edildi. Bu, dünən səsvermədən keçməyən qətnamədir... Hüquqi adı: 'Ukrayna Ali Radasının Rusiyanın təcavüzü şəraitində Ukraynada demokratiyaya dəstək haqqında bəyanatı'", – deyə o bildirib.
Onun sözlərinə görə, bu gün bu bəyanatı Ukraynanın 268 xalq deputatı dəstəkləyib.
Jeleznyak vurğulayıb ki, Ukrayna Ali Radası öz bəyanatında hazırda beynəlxalq ictimaiyyət tərəfindən tanınacaq beynəlxalq müşahidəçilərin iştirakı ilə azad, şəffaf və demokratik seçkilərin keçirilməsinin mümkün olmamasına görə məsuliyyətin məhz Vladimir Putinin üzərinə düşdüyünü qeyd edir.