Deputat: “Rəsmi İrəvan Cənubi Qafqazda sülhün əldə edilməsinə maraqlı olmadığını nümayiş etdirir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Rəsmi İrəvan Cənubi Qafqazda sülhün əldə edilməsinə maraqlı olmadığını nümayiş etdirir”

15:49 - 16 / 04 / 2025
Deputat: “Rəsmi İrəvan Cənubi Qafqazda sülhün əldə edilməsinə maraqlı olmadığını nümayiş etdirir”

“Rəsmi İrəvan Cənubi Qafqazda sülhün əldə edilməsinə maraqlı olmadığını nümayiş etdirir”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 15-də parlamentin iclasında çıxışı zamanı növbəti dəfə faktları və reallıqları inkar etməklə bu mövqeyini ortaya qoyub. Paşinyan çıxışında regional proseslərə dair yanlış və əsassız yanaşma ifadə edib”.

Deputat bildirib ki, Paşinyan çıxışında yenə də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu inkar etməyə çalışıb.

“O, məsələni Ermənistan Konstitusiya Məhkəməsinin üzərinə atmaqla kifayətlənir. Amma faktdır ki, bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərdə ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Ermənistan konstitusiyasının istinad etdiyi müstəqillik bəyannaməsində açıq-aşkar Azərbaycanın Qarabağ bölgəsinə iddia mövcuddur. Eləcə də, 1980-ci illərin sonlarında Ermənistan Ali Soveti Qarabağın Ermənistan SSR-yə birləşdirilməsi haqqında sənəd qəbul edib. Bütün bu sənədlər ləğv olunmalıdır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı dəfələrlə rəsmi xəbərdarlıq edib. Çıxışında Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə istinad edir. Lakin məhz 1991-ci il Alma-Ata Bəyannaməsinin imzalanmasından sonra Ermənistan Azərbaycana qarşı genişmiqyaslı işğalçı siyasət həyata keçirib. Təkcə bu fakt rəsmi İrəvanın bu gün Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qeyri-səmimi olduğunu təsdiqləyir. Əgər Ermənistan həqiqətən səmimidirsə, o zaman konstitusiyasında və digər qanunlarda ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəaları çıxarmalıdır. Əks halda, kimlərinsə dediyi sözün hər hansı hüquqi qüvvəsi yoxdur. Əks halda, belə sənədlərin qüvvədə qalması gələcəkdə Azərbaycana qarşı ərazi iddiası üçün istifadə oluna bilər. Ona görə də, Azərbaycanın bu şərti mütləq yerinə yetirilməlidir”.

Millət vəkilinin sözlərinə görə, Paşinyan hakimiyyəti ATƏT-in Minsk qrupu məsələsində də manipulyasiya etməyə çalışır. Erməni baş nazir sülh sazişinin imzalanması ilə Minsk qrupunun buraxılmasının eyni vaxtda reallaşdırılmasını “məntiqli” hesab edərək belə bir variant təklif edib. Bu təklifin də heç bir əsası yoxdur. Nəzərə alaq ki, de-fakto Minsk qrupu mövcud deyil. Yəni Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qurum heç bir fəaliyyət göstərmir. Çünki Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Minsk qrupuna heç bir ehtiyac yoxdur. Sadəcə, bu məsələni rəsmiləşdirmək lazımdır. Lakin görünən odur ki, rəsmi İrəvan bu məsələlərdə “manevrlər” edib prosesi uzatmağa çalışır. Yəni burada konkretlik yox, hansısa qeyri-müəyyən təşəbbüslərdən söhbət gedir ki, bu da gerçək sülhün əldə olunmasını istisna edir. Paşinyan hakimiyyəti unutmamalıdır ki, belə “manevrlər” ilk növbədə Ermənistanın ziyanınadır. Əvvəlki təcrübələr də bunu təsdiqləyir.

“Əslində, Ermənistan hökuməti hərbiləşdirmə siyasətini davam etdirməklə gerçək məqsədini nümayiş etdirir. Rəsmi İrəvan hərbi büdcəsini artırmaqla sərhəddə təxribatlar törətməklə revanşist ritorikanı gücləndirir. Məlumdur ki, Fransa Ermənistana silah tədarük edir. Eyni zamanda, Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Bütün bunların fonunda rəsmi İrəvanın həqiqətən sülh istəməsi inandırıcı görünmür. Azərbaycan Ermənistanın riyakarlığına yaxşı bələddir. Biz 30 illik işğal dövründə erməni tərəfinin sülh danışıqlarından yalnız imitasiya üçün istifadə etdiyini yaxşı bilirik. Ona görə də, hazırda Azərbaycanın haqlı şərtləri yerinə yetirilməyənə qədər sülh sazişinin imzalanması mümkün deyil”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
180

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər