20-dən çox ölkə uşaqların sosial mediaya çıxışını məhdudlaşdırır: Avropa İttifaqı da qadağanı müzakirə edir | 1news.az | Xəbərlər
Dünya

20-dən çox ölkə uşaqların sosial mediaya çıxışını məhdudlaşdırır: Avropa İttifaqı da qadağanı müzakirə edir

Qafar Ağayev15:09 - Bu gün
20-dən çox ölkə uşaqların sosial mediaya çıxışını məhdudlaşdırır: Avropa İttifaqı da qadağanı müzakirə edir

Avropa İttifaqı uşaqların sosial mediaya çıxışını tənzimləməyə hazırlaşır.

Dünyanın müxtəlif bölgələrində isə azyaşlıların sosial media istifadəsini məhdudlaşdıran və ya qadağan edən qanunlar artıq qüvvədədir və ya hazırlanır.

1news.az xəbər verir ki, AFP-nin topladığı məlumata əsasən, uşaqların sosial mediadan istifadəsini məhdudlaşdıran və ya qadağan etməyi planlaşdıran ölkələrin sayı 20-ni ötüb. Onlardan beşində bu məhdudiyyətlər artıq qüvvəyə minib.

Məhdudiyyətlərin əksəriyyəti son illərdə gündəmə gəlib və əsasən 15-16 yaşdan kiçik uşaqları əhatə edir.

27 üzvdən ibarət Avropa İttifaqında uşaqlar üçün mümkün sosial media qadağası ilə bağlı ekspert komissiyasının tövsiyələrini bazar ertəsi Avropa Komissiyasına təqdim edəcəyi gözlənilir.

Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsi 2025-ci ilin dekabrından qadağandır. Braziliyada isə mart ayında qüvvəyə minən qanun 16 yaşdan kiçik istifadəçilərin hesablarının valideynlərinin hesabları ilə əlaqələndirilməsini məcburi edib və platformalara istifadəçilərin yaşını yoxlamaq öhdəliyi qoyub.

Çində yetkinlik yaşına çatmayanların sosial mediaya çıxışı 2019-cu ildən mərhələli şəkildə məhdudlaşdırılır. İlk olaraq onlayn oyunlara vaxt limiti və gecə istifadəsinə qadağa tətbiq olunub, 2023-cü ildən isə bu məhdudiyyətlər sosial media və yayım platformalarına da şamil edilib.

İndoneziyada mart ayından, Malayziyada isə iyun ayından etibarən 16 yaşdan kiçik şəxslərin əsas sosial media platformalarına çıxışı qadağan edilib.

Türkiyə də aprel ayında qəbul edilən qanunla 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan etməyə hazırlaşır. Qanunun 2026-cı ilin sonlarında qüvvəyə minməsi gözlənilir. Birləşmiş Ərəb Əmirlikləri də ötən ay 15 yaşdan kiçik uşaqlar üçün analoji qadağa elan edib və onun təxminən bir ildən sonra tətbiqi planlaşdırılır.

Avropa İttifaqı ölkələri arasında Yunanıstan 2027-ci il yanvarın 1-dən 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan etməyi planlaşdırır. Avstriya və Sloveniya da müvafiq olaraq 14 və 15 yaşdan kiçik şəxslər üçün oxşar qanunvericilik hazırlayır.

Almaniyada uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı müzakirələr davam edir. Ekspert komissiyası yaş qrupları üzrə mərhələli qadağa və ya müəyyən platformalara yönəlmiş məhdudiyyətlərin tətbiqini təklif edib.

İsveçdə hökumət komissiyası 15 yaşdan kiçik uşaqlar üçün sosial media qadağasının 2028-ci ilin əvvəlinədək qüvvəyə minməsini tövsiyə edib. İrlandiya isə Avropa İttifaqı səviyyəsində qərar qəbul olunmasa, milli qanunvericilik hazırlaya biləcəyini açıqlayıb.

Danimarka 2025-ci ilin oktyabrında 15 yaşdan kiçik şəxslərin müxtəlif sosial media platformalarından istifadəsini qadağan etməyi nəzərdə tutan qanun layihəsi təqdim edəcəyini bildirib. Norveç hökuməti isə ilin sonunadək 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun layihəsini parlamentə təqdim etməyi planlaşdırır.

Birləşmiş Krallıq 16 yaşdan kiçik şəxslər üçün sosial media qadağasını 2027-ci ilin əvvəlinədək tətbiq etməyi nəzərdən keçirir. Kanada da sosial mediadan istifadə üçün minimum yaş həddini 16 olaraq müəyyənləşdirmək niyyətindədir.

Hindistanın müxtəlif ştatlarında uşaqlarla bağlı məhdudiyyətlər müzakirə olunur. Hökumət mümkün tənzimləmələrlə bağlı platformalarla danışıqlar apardığını açıqlayıb.

Fransada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi nəzərdə tutan qanun layihəsinin parlamentdə müzakirəsi davam edir. Milli Assambleya sənədi ilk oxunuşda qəbul etsə də, Senat qadağanı yalnız ən zərərli platformaları əhatə edəcək şəkildə dəyişdirib. Qanunun yekun variantının yaxın həftələrdə qəbul ediləcəyi, sentyabrda isə qüvvəyə minəcəyi gözlənilir.

Portuqaliya platformalara, xidmətlərə, oyunlara və tətbiqlərə müstəqil çıxış üçün minimum yaş həddinin 16 müəyyən edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edir. İspaniya sosial media platformalarında qeydiyyat üçün minimum yaş həddinin 14-dən 16-ya qaldırılmasını təklif edib. İtaliya parlamenti isə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edəcək qanunvericiliyi nəzərdən keçirir.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər