IsDB-nin İllik Toplantısı çərçivəsində bir sıra sazişlər imzalanıb - FOTO
Bakıda İslam İnkişaf Bankı Qrupunun (IsDB Group) özəl sektor qurumları ilə Azərbaycan tərəfdaşları arasında bir sıra əməkdaşlıq sazişləri imzalanıb.
1news.az xəbər verir ki, imzalanma mərasimi çərçivəsində İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) üzrə maliyyə, investisiya və kredit xətləri ilə bağlı razılaşmalar əldə edilib.
Tədbirdə ilk olaraq İslam Korporasiyası (ICD) ilə SOCAR arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş Azərbaycanda maliyyələşmə, investisiya və məsləhət imkanlarının araşdırılmasını nəzərdə tutur.
Sənəd SOCAR-ın prezidenti Rövşən Nəcəf və ICD-nin icraçı direktor vəzifəsini icra edən Xalid Əl-Abudi tərəfindən imzalanıb.
Daha sonra ICD ilə Azərbaycan Biznesin İnkişafı Fondu (ABDF) arasında 200 milyon manatlıq “wakala” sazişi imzalanıb. Razılaşma ölkədə özəl sektorun maliyyələşdirilməsini dəstəkləmək məqsədilə maliyyə institutlarına yerli valyutada kredit xətlərinin təqdim edilməsini əhatə edir.
Eyni zamanda ICD ilə Türk İnvestisiya Fondu (TIF) arasında 50 milyon ABŞ dolları həcmində çərçivə agentlik sazişi imzalanıb.
Bundan əlavə, ICD və Azerconnect Group arasında 20 milyon ABŞ dolları həcmində birbaşa maliyyələşmə üzrə mandat məktubu imzalanıb.
ICD çərçivəsində növbəti mərhələdə TuranBank ilə 15 milyon ABŞ dolları həcmində kredit xətti üzrə niyyət məktubu imzalanıb.
Tədbir çərçivəsində həmçinin ITFC ilə Rabitabank arasında 10 milyon ABŞ dolları həcmində maliyyələşmə razılaşması imzalanıb.















