TBMM sədri: Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında qalıcı və yekun sülh əldə olunacaq - VİDEO
“Ümid edirəm ki, Qafqazda Azərbaycan və Ermənistan arasında qalıcı və yekun sülh əldə olunacaq və bölgədə əbədi əmin-amanlıq hökm sürəcək”.
1news.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
O bildirib ki, Azərbaycanın Qarabağ torpaqları 30 ildən artıq müddətdə ermənilər tərəfindən hüquqsuz şəkildə işğal altında saxlanılıb. Onun sözlərinə görə, Azərbaycanın böyük uğurla qazandığı zəfər nəticəsində bu torpaqlar azad olunub və hazırda Qafqazda yeni bir dövr başlayıb.
Numan Kurtulmuş əlavə edib ki, Azərbaycanla Ermənistan arasında aparılan və mühüm irəliləyiş əldə olunan sülh danışıqları təqdirəlayiqdir. O vurğulayıb ki, Türkiyə Qafqazdakı sülh prosesinin sonuna qədər yanında və dəstəkçisi olacaq.
TBMM sədri ümid etdiyini bildirib ki, Amerika Birləşmiş Ştatları İran məsələsində olduğu kimi, Qafqazda da sülhün təmin olunmasına töhfə verəcək və nəticədə bölgədə uzunmüddətli sabitlik və əmin-amanlıq hökm sürəcək.












