“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə mindi
Samuxda qeydə alınmış zoonoz xəstəliklə bağlı narahatlığa əsas yoxdur.
1news.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, qarayara yoluxması dünyanın hər yerində ara-sıra baş verən haldır. Bu, zoonoz xəstəlikdir və heyvandan insana keçir:
"Samuxda baş verən yoluxma hadisəsi ilə əlaqədar şübhəli hal fermada xəstə heyvanla təmasda olan şəxslər arasında müşahidə olunub. Yoluxma yalnız xəstə heyvanla insanın birbaşa təması və ya xəstə heyvanın məhsullarından qida kimi istifadə etməklə baş verə bilər. Termiki işlənmiş, yəni bişmiş qida artıq infeksiya mənbəyi deyil, xəstəlik törədə bilməz. Xəstəliyin insandan insana keçməsi isə çox nadir haldır. Demək olar, bu cür yoluxmalar qeydə alınmır".
T.Eyvazov vurğulayıb ki, ümumilikdə epidemioloji vəziyyət nəzarət altındadır:
"Bütün lazımi tədbirlər görülür. Baş verən hadisə ilə əlaqədar bütün tərəflər məlumatlandırılıb. Hansısa şübhəli hal olsa, müəyyən baxış və nümunələr laboratoriyalara göndərilib araşdırılacaq. Narahatlıq üçün heç bir əsas yoxdur. Bu cür yoluxma ara-sıra baş verən hallardandır. Dünyanın bütün yerlərində bu xəstəliyə rast gəlinir".
Xatırladaq ki, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına əsasən Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib, 1 nəfərin "qarayara xəstəliyi" diaqnozu təsdiq edilib.
Məlumatda vurğulanıb ki, hazırda hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Əhali arasında yayılma müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur.












