Samuxda qarayaraya görə 9 nəfər izolyasiya edilib - BİRGƏ MƏLUMAT
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı hadisə qeydə alınıb.
1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına əsasən, ilkin epidemioloji araşdırmalar zamanı xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyən edilib.
Xəstəliyə şübhəli ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiqlənib.
Hazırda xəstə ilə təmasda olan şəxslər müəyyənləşdirilib və tibbi müşahidəyə cəlb olunub. Dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr götürülüb.
Xəstə heyvanla təmasda olan 9 nəfər aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Onların əsasən Samux rayon sakinləri olduğu bildirilir. Həmin şəxslərdən laborator müayinə üçün nümunələr götürülərək Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Qeyd olunub ki, qarayara xəstəliyinin törədicisi torpaq mənşəlidir və dünyanın müxtəlif yerlərində rast gəlinir. Xəstəlik əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir.
Qarayaranın insandan-insana ötürülməsi isə olduqca nadir hallarda baş verir. Xəstə heyvanın termiki emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakı qarayaraya yoluxmaya səbəb olmur.
Hazırda hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Əhali arasında yayılma müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur.
Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.












