XİN başçısı: Xarici münaqişələrdə iştirak edənləri cinayət məsuliyyəti gözləyir
"Üçüncü ölkələrdə hərbi münaqişələrdə iştirak etmək qanun pozuntusudur".
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, bəzi xarici qüvvələr müxtəlif vədlər və maddi təkliflərlə insanları hərbi münaqişələrə cəlb etməyə çalışırlar.
"Əfsuslar olsun ki, müxtəlif ölkələrdə baş verən hərbi münaqişələr zamanı Azərbaycan vətəndaşlarının da müxtəlif tərəflərdən həmin münaqişələrə cəlb olunması halları ilə rastlaşırıq. Müxtəlif üsullarla, o cümlədən vədlər və maddi ödənişlər hesabına insanları silahlı münaqişələrə cəlb etməyə çalışırlar. Bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycan vətəndaşlarının üçüncü ölkələrin ərazisində hərbi münaqişələrdə iştirak etməsi qanunvericiliyin pozulması hesab olunur. Belə şəxslər həm öz həyatlarını ciddi risk altına atırlar, həm də cinayət məsuliyyəti daşıyırlar. Bəzi hallarda isə bu əməllər Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnə bilər. Buna görə vətəndaşlarımızı bu cür çağırış və təkliflərdən uzaq durmağa çağırıram".











