“Qışı silaha çevirmək” planı: Rusiya Ukraynanın enerji obyektlərini vurur
Rusiya qış yaxınlaşdıqca Ukraynanın enerji infrastrukturuna hücumlarını intensivləşdirib.
1news.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin 1637-cü günündə qarşılıqlı zərbələr əsasən enerji və hərbi sənaye obyektlərinə yönəlib.
Ukraynalı rəsmilər bildiriblər ki, Rusiya qış ərəfəsində enerji obyektlərini sistemli şəkildə hədəfə alaraq “qışı silaha çevirməyə” çalışır.
Ukraynanın dövlət enerji şirkəti “Naftogaz”ın məlumatına görə, onun obyektləri son bir həftə ərzində Rusiya tərəfindən 13 dəfə dron və raketlərlə hədəfə alınıb.
Şirkətdən bildirilib ki, ilin əvvəlindən “Naftogaz”ın obyektlərinə təxminən 300 hücum həyata keçirilib.
Son zərbələr nəticəsində avadanlıqlara və istehsal gücünə ciddi ziyan dəyib. Hücumlar zamanı ölən olmayıb.
Ukraynanın ən böyük özəl enerji şirkətlərindən biri olan “DTEK”in obyektləri də Rusiya hücumuna məruz qalıb.
Şirkətin məlumatına görə, kömür mədənlərindən birinə endirilən zərbədən sonra yanğın baş verib və 52 yaşlı şəxs həlak olub.
Ukraynalı rəsmilər hesab edirlər ki, enerji istehsalı və paylayıcı infrastrukturuna hücumların əsas məqsədi qış aylarında ölkədə elektrik enerjisi və istilik təchizatında problemlər yaratmaqdır.
Qeyd olunur ki, enerji infrastrukturuna ciddi ziyan dəyməsi səbəbindən Ukrayna əhalisi qarşıdakı qışda gün ərzində saatlarla elektrik enerjisi və istilikdən məhrum qala bilər.
Ukrayna da Rusiyanın hərbi sənaye obyektini vurub
Ukrayna isə Rusiyanın hərbi istehsal potensialına qarşı zərbələri davam etdirir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 16-na keçən gecə Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən Kamenski kombinatına endirilən zərbənin görüntülərini yayıb.
Ukrayna tərəfinin məlumatına görə, hücum nəticəsində iki istehsal sahəsi tamamilə məhv edilib, daha dörd sahəyə isə ziyan dəyib.
Bildirilib ki, Kamenski kombinatında “Uragan”, “Smerç” və “Tornado-S” çoxlüləli reaktiv yaylım atəş sistemlərinin döyüş sursatlarında istifadə olunan bərk raket yanacağı, həmçinin müxtəlif raket sistemləri və aviasiya sursatları üçün məhsullar istehsal olunur.












