Konqoda Ebola epidemiyasından ölənlərin sayı AÇIQLANDI
Konqo Demokratik Respublikasında (KDR) mayın 15-də elan olunan 17-ci Ebola epidemiyasında təsdiqlənmiş yoluxma hallarının sayı 1708-ə, ölənlərin sayı isə 580-ə çatıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiya əsasən İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yayılmağa davam edir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika Regional Ofisi aktiv ocaqlarda yoluxmanın yüksək səviyyədə qaldığını, icma daxilində ölümlərin artdığını və yoluxma zəncirlərinin hələ tam müəyyən edilmədiyini bildirib.
Səhiyyə rəsmilərinin sözlərinə görə, mövcud epidemiya Ebola virusunun nadir Bundibuqyo variantından qaynaqlanır. Hazırda bu virusa qarşı təsdiqlənmiş müalicə üsulu və ya peyvənd mövcud deyil.
Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə aşkar olunub. Qərbi Afrikada 2014–2017-ci illərdə baş verən epidemiya zamanı 30 mindən çox insan virusa yoluxmuş, 11 mindən artıq şəxs həyatını itirmişdi.












