Pilot təyyarə ilə səmaya "Darıxdım" yazdı, məzuniyyətə göndərildi
Böyük Britaniyada bir pilot test uçuşu zamanı təyyarənin uçuş marşrutundan istifadə edərək səmada "I'm bored" ("Canım sıxılır") sözlərini yazıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-adi uçuş marşrutu uçuşların izlənməsi xidməti Flightradar24 tərəfindən qeydə alınıb.
Məlumata görə, "Ravenair" aviaşirkətinə məxsus təyyarə ilə həyata keçirilən test uçuşu təxminən iki saat davam edib. Pilot "I'm bored" ifadəsini formalaşdırmaq üçün 20 dəqiqə ərzində ardıcıl kəskin döngələr edib. Yazı İngiltərə ilə Uels sərhədinə yaxın ərazinin səmasında yaranıb.
Şirkət tərəfindən bildirilib ki, pilot 20-li yaşlardadır və hadisə ilə bağlı ona qarşı hər hansı intizam tədbiri görülməyib.
"Ravenair" şirkətinin əməliyyatlar üzrə meneceri Ueyn Barrett pilotun peşəkar bacarığını yüksək qiymətləndirərək bildirib ki, test uçuşları təyyarədə dəyişdirilən hissələrin düzgün işlədiyini yoxlamaq məqsədi daşıyır.
"Bu uçuş zamanı təyyarədə heç bir texniki problem aşkarlanmadı. Təyyarə təhlükəsiz şəkildə hangara qayıtdı, pilot isə bu gün məzuniyyətdədir", – deyə Barrett qeyd edib.











