Deputat: Naxçıvan istiqamətində aviareyslər artıq avtobus reysinə çevrilib, nə vaxt uçacağı məlum olmur
"Naxçıvan istiqamətində aviareyslər artıq avtobus reysinə çevrilib, nə vaxt uçacağı məlum olmur".
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin iclasında deyib.
Deputat bildirib ki, Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərlə bağlı ciddi narazılıqlar mövcuddur.
Onun sözlərinə görə, sərnişinlər aeroporta gəldikdən sonra uçuşun əvvəlcə bir neçə saat təxirə salındığı, daha sonra isə növbəti günə keçirildiyi elan edilir.
“Bu cür hallarla həm Bakıdan Naxçıvana, həm də Naxçıvandan Bakıya həyata keçirilən reyslərdə rast gəlinir. Nəticədə vətəndaşlar saatlarla hava limanında gözləməli olur və əlavə vaxt itirirlər”.
Deputat bildirib ki, hazırda hər kəs mobil telefon və elektron xidmətlərdən istifadə edir və bu imkanlardan sərnişinlərin məlumatlandırılması üçün yararlanmaq lazımdır.
"Heç olmasa, hər bir vətəndaşa mesaj göndərilsin ki, reys, məsələn, 3 saat təxirə salınıb".
Siyavuş Novruzov qeyd edib ki, bu, xüsusilə uzaq kəndlərdən hava limanına gələn vətəndaşların əlavə xərc və vaxt itkisinin qarşısını ala bilər.
“İnsanlar hava limanına çatdıqdan sonra reysin təxirə salındığını öyrənirlər və ya saatlarla gözləməli, ya da yenidən evlərinə qayıtmağa məcbur olurlar”.
Deputat aidiyyəti komitələri və qurumları məsələni araşdırmağa çağırıb.
“Gecikmələrin səbəbləri ictimaiyyətə izah edilməli və sərnişinlər vaxtında məlumatlandırılmalıdır”.
S.Novruzov əlavə edib ki, blokada şəraitində yaşayan Naxçıvan əhalisinin bu kimi problemlərinin həllinə daha həssas yanaşılmalıdır.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov S.Novruzova cavab olaraq bildirib ki, Naxçıvan-Bakı-Naxçıvan aviareysləri adətən hava şəraitinə görə təxirə salınır.
“Əlbəttə bu zaman vətəndaşlara maddi zərər dəyir. Aidiyyəti qurumların bu məsələyə yenidən baxmasına ehtiyac var”












