Sabahdan Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir - VİDEO

Qafar Ağayev13:06 - Bu gün
Sabahdan Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir - VİDEO

Sabah, iyulun 16-dan etibarən Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir.

Həyata keçirilən bu layihə daha əvvəl Koroğlu Rəhimov küçəsində və Xətai prospektində reallaşdırılan uğurlu layihələrin davamıdır.

Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri əvvəlki istiqamətdən fərqli olaraq yalnız Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə hərəkətlərini davam etdirə biləcəklər.

Dəyişiklik nəticəsində Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin kəsişməsində işıqforun fazalarının sayı 3-dən 2-yə endiriləcək. Bu isə nəqliyyat vasitələrinin orta gözləmə müddətini təxminən 40 saniyəyə qədər azaldacaq, kəsişmənin ötürücülük qabiliyyətini artıracaq. Bu, əsasən Koroğlu Rəhimov küçəsi və Xətai prospekti, eyni zamanda Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektlərində hərəkət şəraitinə müsbət təsir göstərəcək.

Layihə çərçivəsində yeni avtobus zolağı da təşkil ediləcək. Yaradılan avtobus zolağı ümumi axına mane olmadan yalnız sağa, yəni Elm və Təhsil Nazirliyi istiqamətində avtobusların hərəkətini təmin edəcək.

Qeyd edək ki, layihənin icrası zamanı Dəmirçizadə küçəsində mövcud parklanma yerləri tam şəkildə saxlanılacaq.

Xatırladaq ki, bu, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həlldir.

Paylaş:
125

Son xəbərlər

Bütün xəbərlər