İçərişəhərdə tarixi hadisə: Numizmatika Muzeyi fəaliyyətə başladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İçərişəhərdə tarixi hadisə: Numizmatika Muzeyi fəaliyyətə başladı - FOTO

First News Media16:10 - Bu gün
İçərişəhərdə tarixi hadisə: Numizmatika Muzeyi fəaliyyətə başladı - FOTO

Bakının qədim qəlbi olan İçərişəhərdə ölkəmizin mədəni və elmi həyatı üçün müstəsna əhəmiyyət kəsb edən yeni bir məkanın - Numizmatika Muzeyinin açılış mərasimi keçirilib.

Muzey XII əsrə aid qədim memarlıq abidəsi olan Aşur məscidində fəaliyyətə başlayıb. Ekspozisiyada Azərbaycan ərazisində aşkar edilmiş və müxtəlif qədim dövlətlərə - Roma, Parfiya, Qədim Yunanıstan, Prussiya, İngiltərə, Rusiya, Ərəb Xilafəti və Monqol imperiyasına aid 200-dən çox sikkə nümayiş olunur.

Qədim məkana yeni nəfəs

1news.az xəbər verir ki, tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud muzeyin yerləşdiyi məkanın rəmzi və tarixi önəmini vurğulayıb:

"Bilirsiniz ki, İçərişəhərdə bir çox gözəl abidələrimiz var. Aşur məscidi də XII əsrə aiddir və İçərişəhərin ən gözəl, qədim memarlıq abidələrindən biridir. Əsrlər boyu bura ibadət yeri olub və öz gözəlliyini, mənasını qoruyub saxlayıb. Bura bu gün də yeni bir funksiya ilə fəaliyyətə başlayacaq və elmi, mədəni və tarixi bir mərkəzə çevriləcək".

Yeni numizmatlar nəslinin yetişməsinə töhfə

Muzeyin həm də bir elmi-tədqiqat mərkəzi olacağını qeyd edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli isə ölkədə bu sahədə kadr çatışmazlığı probleminə toxunub və muzeyin bu boşluğu dolduracağını bildirib. O, vaxtilə Azərbaycanda böyük xidmətləri olmuş Yevgeni Paxomovun və görkəmli alim, professor Əli Rəcəblinin irsini xatırladıb:

"Azərbaycanda numizmatika tədqiqatçıları hazırda barmaqla sayılacaq qədər azdır. Yevgeni Paxomov və Əli Rəcəblidən sonra Azərbaycanda görkəmli numizmat yoxdur. Halbuki bizim bu qədər böyük sərvətimiz var. Bunları bir yerə toplamaq, bir muzeydə cəmləmək və muzeyin həm də elmi-tədqiqat xarakteri daşımağı yeni numizmatlar nəslinin yetişməyinə öz töhfəsini verəcək".

Dövlətçilik tariximizin vizit kartı

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev isə Numizmatika Muzeyinin açılmasını ölkəyə gələn xarici qonaqlar üçün mühüm informasiya qaynağı və dövlətçilik tariximizin təsdiqi kimi qiymətləndirib:

"Gələn qonaqlar ölkəmiz haqqında birinci informasiya əldə etmək üçün İçərişəhəri ziyarət edirlər. Azərbaycanın dövlətçilik tarixi, dövlətçiliyini əks etdirən əsas faktlardan biri onun dövlətçiliyi və pulla bağlı olan sənədləridir. Məhz belə bir muzeyin olması Azərbaycan dövlətçiliyinin əks etdirilməsi və onun müxtəlif tarixi mərhələlərinə aid olan numizmatikasının təqdimatı çox uzun müddət boşluq olan bir sahənin doldurulması deməkdir".

Açılış mərasiminin rəsmi hissəsindən sonra tədbir iştirakçıları Numizmatika Muzeyini ziyarət edərək zəngin ekspozisiya və nadir sikkə kolleksiyası ilə yaxından tanış olublar.

Foto: Nadir İbrahimli

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər