Ramin Məmmədov: Bu müsabiqə Azərbaycanın gələcəyinə qoyulan ən vacib və strateji investisiyalardan biridir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Məmmədov: Bu müsabiqə Azərbaycanın gələcəyinə qoyulan ən vacib və strateji investisiyalardan biridir

Qafar Ağayev16:24 - Bu gün
Ramin Məmmədov: Bu müsabiqə Azərbaycanın gələcəyinə qoyulan ən vacib və strateji investisiyalardan biridir

Müasir dövrdə dövlətlərin inkişafında əsas amilin insan kapitalı, peşəkar idarəçilik və innovativ düşüncə olduğu vurğulanıb.


1news.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsində çıxışı zamanı deyib.

“Bu gün dövlətlərin inkişafını müəyyən edən əsas amil təbii sərvətlər deyil. Dövlətlərin inkişafına ən ciddi təsir göstərən amillər yüksək bilik, peşəkarlıq, innovativ düşüncə və yüksək məsuliyyət hissinə malik insan kapitalıdır. Azərbaycan dövləti də kadr potensialının formalaşdırılmasına xüsusi diqqət yetirir. Ölkəmizin bugünkü inkişaf səviyyəsinə çatmasında ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mühüm rol oynayır. Bu gün ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasında iki istiqamət xüsusi önəm daşıyır. Bunlardan biri peşəkar idarəçilərin hazırlanması, digəri isə müasir dövlət idarəçiliyi sisteminin daim təkmilləşdirilməsidir. Təhsil, innovasiya, rəqəmsal transformasiya və uğurlu islahatlar da məhz intellektual potensialın gücləndirilməsinə xidmət edir”.

O bildirib ki, “Yüksəliş” müsabiqəsini digər layihələrdən fərqləndirən əsas xüsusiyyət onun uzunmüddətli inkişaf platforması olmasıdır.

“Bu müsabiqə təkcə kadr potensialının formalaşdırılmasına deyil, həm də gənclərin davamlı inkişafına xidmət edir. Burada gənclər bir araya gəlir, öz bilik və bacarıqlarını inkişaf etdirir, gələcək karyeralarını planlaşdırırlar. Müsabiqənin hazırlanması prosesində gələcəyin çağırışları nəzərə alınır və iştirakçılar yalnız bugünkü reallıqlara deyil, gələcəyin tələblərinə uyğun rəhbər və mütəxəssis kimi hazırlanırlar. Müsabiqəyə indiyədək 70 mindən çox gəncin müraciət etməsi, onlardan cəmi 200-ə yaxınının final mərhələsinə yüksəlməsi bu platformada seçim meyarlarının yüksək, qiymətləndirmə sisteminin obyektiv və rəqabət mühitinin sağlam olduğunu göstərir. Burada iştirak edən hər bir namizəd – istər yarımfinalçı, istər finalçı, istərsə də qalib – gələcəkdə Azərbaycanın inkişafında mühüm rol oynayacaq kadr potensialının ayrılmaz hissəsidir. İnsan kapitalına qoyulan sərmayə uzun illər sonra öz bəhrəsini verir. Məhz buna görə də “Yüksəliş” sadəcə müsabiqə deyil, Azərbaycanın gələcəyinə qoyulan ən vacib və strateji investisiyalardan biridir”.

R.Məmmədov qeyd edib ki, müasir idarəçi yalnız cari prosesləri deyil, gələcək çağırışları da qabaqcadan görməyi bacarmalıdır.

“Müasir rəhbər riskləri əvvəlcədən proqnozlaşdırmalı, onları düzgün qiymətləndirməli və fəaliyyətini buna uyğun qurmalıdır. Süni intellekt və rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi dövrdə gənclər fasiləsiz təhsil almalı, bilik və bacarıqlarını daim artırmalıdırlar. Bu gün süni intellekt dünyada ən çox müzakirə olunan anlayışlardan biridir. Lakin bu ifadədə əsas söz “intellekt”dir. Ona görə də istər süni, istərsə də ənənəvi mühitdə fəaliyyət göstərərkən intellektual inkişafdan heç vaxt geri qalmamaq vacibdir. Eyni zamanda innovasiya, rəqəmsal transformasiya və bütün texnoloji imkanlardan istifadə edərkən milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə sadiqlik əsas prinsip olmalıdır”.

 

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər