Fərəh Əliyeva: Sizin uğurlarınız Azərbaycanın uğurları, Azərbaycanın uğurları isə sizin uğurlarınızdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərəh Əliyeva: Sizin uğurlarınız Azərbaycanın uğurları, Azərbaycanın uğurları isə sizin uğurlarınızdır

Qafar Ağayev16:40 - Bu gün
Fərəh Əliyeva: Sizin uğurlarınız Azərbaycanın uğurları, Azərbaycanın uğurları isə sizin uğurlarınızdır

““Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin formalaşmasına və sağlam dəyərlərin təşviqinə xidmət edən mühüm platforma olduğu vurğulanıb”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Vl “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılışında çıxışı zamanı deyib.

“ “Yüksəliş” sadəcə bir müsabiqə deyil. Bu, artıq həyatda uğur qazanmış, biliyi və bacarığı ilə öz karyerasını qurmuş insanların yarışdığı platformadır. Burada hər kəs özünə bərabər səviyyədə olan peşəkarlarla rəqabət aparır. Müsabiqə başa çatdıqdan sonra iştirakçıların yeni dostlar qazanması, peşəkar əlaqələr yaratması da bunun ən gözəl göstəricisidir. Bu platforma təkcə qalibləri deyil, gələcəyin idarəçilərini formalaşdırır. Məhz buna görə “Yüksəliş” xüsusi əhəmiyyət daşıyır”.

O bildirib ki, müsabiqədə qalib gəlmək üçün yalnız peşəkar olmaq kifayət etmir.

“Bütün yarışlarda “Qoy güclülər qalib gəlsin” ifadəsi səslənir. “Yüksəliş”də də biz məhz belə insanların qalib olmasını istəyirik. Güclü dedikdə yalnız bilikli, bacarıqlı və peşəkar insanları nəzərdə tutmuruq. Eyni zamanda dövlətçiliyə sadiq, sağlam mənəvi dəyərlərə söykənən, yüksək ictimai məsuliyyət hissinə malik insanları nəzərdə tuturuq. Bu məsuliyyət yalnız özünə, ailəsinə və işinə deyil, dövlətinə, xalqına və millətinə qarşı daşıdığı məsuliyyətdir. İnanıram ki, bu gün burada olan hər bir iştirakçı məhz bu dəyərləri öz fəaliyyətində rəhbər tutur. Siz öz həyatınızı, karyeranızı və rifahınızı hər şeydən əvvəl Vətənə xidmət anlayışı üzərində qurmalısınız. Çünki sizin uğurlarınız Azərbaycanın uğurları, Azərbaycanın uğurları isə sizin uğurlarınızdır”.

F.Əliyeva finalçıların hər birinə uğurlar arzulayıb.

“Arzu edirəm ki, final mərhələsinin nəticəsindən asılı olmayaraq, buradan dostluq münasibətləri qazanmış, yeni təcrübələr əldə etmiş insanlar kimi ayrılasınız. Bildiyimə görə, bu gün burada dördüncü dəfə final mərhələsinə yüksələn, lakin hələ qalib ola bilməyən iştirakçı da var. Mən onu xüsusi salamlayır və əzmkarlığını yüksək qiymətləndirirəm. Ən güclü olmaq bəzən məhz çətinliklər qarşısında geri çəkilməmək, yenidən cəhd etmək və irəliyə doğru addımlamaq deməkdir. Xanım iştirakçılarımıza da xüsusi uğurlar arzulayıram. Ən əsası isə, güclüləri seçərkən hər zaman ədalət prinsipi əsas götürülməlidir”.

 

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər