Nazir: "Azərbaycan bundan sonra da Ermənistanla birbaşa ikitərəfli dialoqu davam etdirməyə hazırdır"
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə keçirdiyi birgə mətbuat konfransında Azərbaycan-Ermənistan normallaşma prosesi barədə danışıb.
1news.az xəbər verir ki, nazir bildirib ki, bu məsələ ilə bağlı isveçrəli həmkarına ətraflı məlumat verib.
"Bu gün, o cümlədən hörmətli həmkarımla söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verdim", - deyə Ceyhun Bayramov bildirib.
Nazirin sözlərinə görə, keçmiş münaqişə ilə bağlı ATƏT-in Minsk təsisatlarının ləğvi prosesi ötən ilin dekabrında yekunlaşıb.
"Minsk təsisatlarının ləğvi ilə bağlı proses təxminən dekabr ayında ATƏT çərçivəsində tam həll olundu və bu təsisatlar ləğv edildi. Beləliklə, ATƏT məkanında mövcud olan bir münaqişəyə də son qoyuldu. Hesab edirik ki, bu, təkcə bizim üçün deyil, ATƏT kontekstində də ən mühüm inkişaflardan biridir", - nazir vurğulayıb.
Ceyhun Bayramov qeyd edib ki, son bir il ərzində Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
"Minsk Qrupunun ləğvi ilə yanaşı, ötən bir il ərzində etimad quruculuğu istiqamətində xeyli tədbirlər həyata keçirilib. Azərbaycan birtərəfli qaydada bir sıra humanitar və nəqliyyat təşəbbüsləri irəli sürüb, o cümlədən Ermənistana və bu ölkə üzərindən həyata keçirilən daşımalarla bağlı müsbət addımlar atılıb", - o bildirib.
Nazir vurğulayıb ki, hazırda iki ölkə arasında faktiki olaraq sülh mövcuddur.
"Bu gün qeyd edə bilərik ki, de-fakto, faktiki olaraq Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub. Bu, bəlkə də ən mühüm məqamdır. Son dövrdə əldə olunan bütün bu nəticələr Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli dialoq nəticəsində mümkün olub. Bu format öz effektivliyini təkcə bizim üçün deyil, bütün dünya üçün sübut edib. Azərbaycan siyasi rəhbərliyi bundan sonra da danışıqları məhz ikitərəfli formatda davam etdirməyə hazırdır", – Ceyhun Bayramov deyib.
Sülh sazişinin imzalanmasına da toxunan nazir Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bildirib.
"Azərbaycanın mövqeyi bununla bağlı aydın, açıq və ardıcıldır. Hesab edirik ki, sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır", - o qeyd edib.
ATƏT-lə əməkdaşlıqdan danışan nazir Azərbaycanın təşəbbüsü ilə irəli sürülən "Yaşıl limanlar" layihəsinin əhəmiyyətini də vurğulayıb.
"Xəzər dənizi hövzəsində "Yaşıl limanlar" layihəsinin əhəmiyyətini qeyd etdik. Hesab edirik ki, bu layihə nəqliyyat və tranzit infrastrukturunun inkişafına, eyni zamanda iqtisadi artıma mühüm töhfə verə bilər. Düşünürük ki, ATƏT də bu istiqamətdə müsbət rol oynaya bilər", - Ceyhun Bayramov əlavə edib.












