Kristiano Ronaldo futbolu tərk edir? - AÇIQLAMA
Dünyaca məşhur portuqaliyalı futbolçu Kristiano Ronaldo peşəkar futbolçu karyerasının son mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Beşqat “Qızıl top” (Ballon d’Or) sahibi olan 41 yaşlı ulduz futbolçu həyat yoldaşı Georgina Rodriges ilə evləndikdən sonra “Vogue” jurnalına müsahibəsində futbol karyerası ilə bağlı gələcək planlarından danışıb.
Ronaldo bildirib ki, qarşıdakı dövr onun futbolçu kimi son illərindən biri ola bilər:
“Bu, yəqin ki, futbol karyeramın son ilidir və arxamda möhtəşəm bir miras qoymaq istəyirəm".
Gələcəyini artıq tam şəkildə planlaşdırdığını deyən portuqaliyalı futbolçu karyerasını başa vurduqdan sonra ailəsi ilə daha çox vaxt keçirməyi səbirsizliklə gözlədiyini vurğulayıb.
Ronaldo futboldan sonra yaranacaq boşluğu müxtəlif fəaliyyətlərlə doldurmaq niyyətində olduğunu da bildirib. O, səyahət etmək, böyük maraq göstərdiyi padel oynamaq və 25 il ərzində etdiyi fədakarlıqlardan sonra qazandığı uğurların dadını çıxarmaq istədiyini qeyd edib.
Bu yay Portuqaliya millisi ilə karyerasında altıncı dünya çempionatında iştirak edən Ronaldo turnirdə də fərqlənərək rekord müəyyənləşdirib. Ulduz futbolçunun klub və milli komanda karyerasında vurduğu qolların ümumi sayı hazırda 976-ya çatıb.
Karyerası ərzində “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” kimi nəhəng klubların formasını geyinən Ronaldo 1000 qol həddinə çatmağı qarşısına əsas məqsəd qoyub.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən futbolçunun müqaviləsinin son ilinə daxil olması onun gələcəyi ilə bağlı sualları artırıb. Ronaldo bu mövsüm göstərəcəyi performansla tarixi 1000 qol hədəfinə çatıb-çatmayacağını müəyyənləşdirə bilər.












