“Flydubai” İsrailə uçuşları dayandırdı – Təyyarədəki insident araşdırılır
“Flydubai” aviaşirkəti Dubaydan Təl-Əvivə uçan təyyarənin göyərtəsində baş verən insidentlə bağlı araşdırma başa çatanadək İsrailə uçuşları dayandırıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail hakimiyyəti insidenti mümkün terror aktı kimi nəzərdən keçirir.
Hazırda təyyarədə olan sərnişinlərin mümkün qədər tez İsrailə qaytarılması üçün tədbirlər görülür. Onların ölkəyə qayıtdıqdan sonra təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən əlavə yoxlamadan keçirilə biləcəyi bildirilir.
Dəqiqləşdirilmiş məlumata görə, təyyarənin pilotlarından biri Hindistan, digəri isə Oman əsillidir. Bununla da pilotların Rusiya və Ukrayna vətəndaşları olması barədə ilkin məlumat təsdiqlənməyib.
Məlumata görə, təyyarə İordaniyanın hava məkanına daxil olduqdan qısa müddət sonra Oman əsilli ikinci pilot BƏƏ vətəndaşı olan digər pilota bıçaqla xəsarət yetirib və təyyarənin idarəetməsini zorla ələ keçirməyə cəhd göstərib. Onun bu addımının motivi hələlik məlum deyil.
Hazırda pilotun ikili vətəndaşlığa malik olması ehtimalı da araşdırılır. Bəzi mənbələr onun “Flydubai” şirkətində bir ildən az müddətdir işlədiyini bildiriblər.
Səudiyyə Ərəbistanından yayılan məlumatlara görə, hər iki pilot xəstəxanaya yerləşdirilib.
Təyyarədə olan digər iki pilotun – Cənubi Afrika və Yeni Zelandiya vətəndaşlarının köməyi ilə hava gəmisinin Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Tabuk hava limanına təhlükəsiz eniş etdiyi bildirilir.
İsrailin nəqliyyat naziri Miri Regev Mülki Aviasiya İdarəsinə “Flydubai” şirkətinin İsrailə uçuşları tənzimləyən aviasiya sazişlərinin tələblərinə əməl edib-etmədiyini yoxlamağı tapşırıb.











