İraqda yanacaq anbarında yanğın: 20 nəfər yaralanıb
İraq Kürdüstan Regional Administrasiyasının (İKRA) Süleymaniyə şəhərində yerləşən yanacaq anbarında baş verən güclü yanğın nəticəsində 20 nəfər yaralanıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, yanğın dörd saatdan çox davam edən işlərdən sonra söndürülüb.
Hadisə Süleymaniyənin Tancro bölgəsində yerləşən yanacaq anbarında baş verib. İlkin məlumata görə, yanğın anbarda müəyyən miqdarda yanacağın yerə sızması və daha sonra alışması nəticəsində başlayıb.
Alov qısa müddət ərzində yanacaqdaşıyan maşınlara və anbarın digər hissələrinə yayılıb. Yerli mənbələrin məlumatına görə, hadisə zamanı 34 benzindaşıyan və 4 qazdaşıyan tanker, həmçinin 3 milyon litrdən çox benzin yanıb.
Süleymaniyə Səhiyyə İdarəsi yanğın nəticəsində 20 nəfərin xəsarət aldığını açıqlayıb.
Mülki Müdafiə qurumunun nümayəndələri yanğının dörd saatdan çox davam edən söndürmə işlərindən sonra tam nəzarətə götürüldüyünü bildiriblər.
Süleymaniyə qubernatorunun müavini Şaho Osman hadisə yerində açıqlama verərək yanğının tamamilə nəzarət altına alındığını deyib.
O, şəhər sakinlərini əmin edib ki, yanğın vilayət üzrə paylanan yanacaq və neft məhsullarının miqdarına təsir göstərməyib və hər hansı çatışmazlıq yaranmayıb.












