“28 May”–“Nizami” arasında hərəkətin dayandırılmasından sonra metroda nə dəyişib? – AÇIQLAMA | 1news.az | Xəbərlər
İqtisadiyyat

“28 May”–“Nizami” arasında hərəkətin dayandırılmasından sonra metroda nə dəyişib? – AÇIQLAMA

Qafar Ağayev17:35 - Bu gün
“28 May”–“Nizami” arasında hərəkətin dayandırılmasından sonra metroda nə dəyişib? – AÇIQLAMA

15 avqustdan etibarən Bakı metropolitenində xətlərin ayrılması layihəsinin növbəti mərhələsinə start verilib.

Tikinti işləri ilə əlaqədar “28 May”–“Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Tikinti işlərinin 11 ay davam edəcəyi bildirilir.

Xətlərin ayrılması ilə əlaqədar sərnişinlərin hərəkət istiqamətlərində və stansiya seçimlərində hansı dəyişikliklərin baş verdiyi, xüsusilə pik saatlarda sərnişin axınının necə tənzimləndiyi maraq doğurur.

1news.az məsələ ilə bağlı Bakı Metropoliteni QSC-yə sorğu ünvanlayıb.

Bakı Metropolitenindən sorğumuza cavab olaraq bildirilib ki, sərnişin axınının öyrənilməsi məqsədilə metropolitenin stansiyalar üzrə məlumatları Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) təqdim edilib.

Aparılan təhlillər əsasında AYNA tərəfindən 6 ekspres marşrut müəyyən edilib, daha 20 müntəzəm avtobus marşrutunun isə gücləndirilmiş fəaliyyəti təmin olunub.

“Hazırda sərnişinlərin bir xəttin stansiyalarından digər xəttin stansiyalarına doğru hərəkətinin yerüstü ictimai nəqliyyatla tənzimlənməsi məqsədilə əlavə monitorinq və təhlillər aparılır”, – açıqlamada qeyd olunub.

Bakı Metropolitenindən bildirilib ki, sərnişinlərin düzgün istiqamətləndirilməsi, mümkün çaşqınlığın aradan qaldırılması, stansiyalara yaxın ərazilərdən keçən müntəzəm və ekspres avtobus marşrutları barədə məlumatların verilməsi məqsədilə metropoliten stansiyalarında könüllülər cəlb edilib. Onların ikinövbəli iş rejimi təmin olunub.

Bundan əlavə, stansiya girişləri, vestibüllər və platformalarda sərnişinlərin məlumatlandırılması və axının tənzimlənməsi üçün əlavə işçi qüvvəsi ayrılıb.

Qırmızı xətt üzrə interval azaldılıb

Metropolitenin məlumatına görə, xətlərin müstəqil fəaliyyət göstərən hissələrində pik saatlarda interval da dəyişib.

Belə ki, Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə saxlanılıb. Qırmızı xətt üzrə isə müvafiq gücləndirmə və optimallaşdırma tədbirləri həyata keçirilib, əlavə maşinistlər ayrılıb və qatarların “İçərişəhər” stansiyasından operativ şəkildə yola düşməsi təmin edilib.

Nəticədə Qırmızı xətt üzrə interval 1 dəqiqə azaldılaraq 2 dəqiqə 30 saniyəyə çatdırılıb.

Qeyd olunub ki, qarşıdakı dövrdə xətlər üzrə intervalların daha da azaldılması ilə bağlı təhlillər aparılır və mümkün tədbirlərin görülməsi imkanları araşdırılır. Bu zaman sərnişin axını və tələbat əsas diqqətdə saxlanılır.

Metrodan istifadə edən sərnişinlərin sayı azalacaq?

Bakı Metropolitenindən bildirilib ki, aparılan təmir işləri dövründə sərnişin axınının alternativ, o cümlədən ekspres avtobus marşrutlarına yönləndirilməsi nəticəsində metropolitendə sərnişin səfərlərinin azalacağı əvvəlcədən proqnozlaşdırılıb.

“Ümumi statistik məlumatlar, əvvəllər olduğu kimi, Bakı metropoliteninin dövri məlumatlarında qeyd ediləcək. Həmçinin hər bir dövrün xüsusiyyətlərinə əsasən digər kəmiyyət göstəriciləri üzrə emal edilən məlumatlar ictimailəşdiriləcək”, – açıqlamada bildirilib.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər