Haitidə dəstə savaşları: 43 nəfər öldürülüb
Haitinin paytaxtı Port-o-Prensin şərqində yerləşən Kenscoff qəsəbəsində silahlı dəstənin hücumu nəticəsində 43 nəfərin öldüyü bildirilir.
1news.az xarici mediaya istinadən xəbər verir ki, “Viv Ansanm” adlı dəstə bazar gecəsi Kenskoffda silahlı hücum təşkil edib. Hücum zamanı dəstə qəsəbə mərkəzinə nəzarəti ələ keçirməyə çalışıb, evləri yandırıb və çox sayda şəxsi qaçırıb.
“Gazette Haiti” portalının müxbiri hücumdan sonra Kenskoff küçələrində 43 meyit gördüyünü bildirib. Təhlükəsizlik qüvvələrinin dəstənin hücumunu dəf etməsindən sonra ərazidə əməliyyatların davam etdiyi, küçələrdə güllə yarası almış meyitlərin tapıldığı qeyd olunub.
Kenskoff meri Yan Massillon hadisəni qətliam adlandırıb. O bildirib ki, yerli hakimiyyət orqanları meyitlərin müəyyənləşdirilməsi və ərazidən götürülməsi üçün hüquq-mühafizə və məhkəmə orqanları ilə birgə çalışır.
BMT-nin Haiti üzrə İnteqrasiya Ofisinin məlumatına görə, ölkədə 2026-cı ilin ilk üç ayında zorakılıq hadisələri nəticəsində ən azı 1 642 nəfər ölüb, 745 nəfər yaralanıb.












