Dünyada ilk: Beyin əməliyyatında süni intellekt cərrahlara kömək etdi
Londonda 48 yaşlı xəstənin beyin şişi cərrahların süni intellekt dəstəyindən istifadə etdiyi dünyada ilk uğurlu əməliyyatla çıxarılıb.
1news.az xəbər verir ki, əməliyyat Londondakı Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında (National Hospital for Neurology and Neurosurgery) keçirilib.
Əməliyyat zamanı Rhys Hibbertin hipofiz vəzisində yerləşən 11 millimetrlik şiş çıxarılıb. May ayında həyata keçirilən əməliyyatda istifadə olunan süni intellekt sistemi cərrahi kameradan daxil olan görüntüləri real vaxt rejimində təhlil edib.
Sistem şişin ətrafındakı damar və sinirləri müəyyənləşdirərək cərrahların uzaq durmalı olduğu nahiyələri əməliyyat zamanı ekranda işarələyib.
Hibbertin şişi görmə sinirlərinə təzyiq göstərərək görmə sahəsinin daralmasına səbəb olub. Həkimlər bildiriblər ki, əməliyyat keçirilməsəydi, xəstə görmə qabiliyyətini tamamilə itirə bilərdi.
Əməliyyatdan sonra görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını deyən Hibbert, təxminən bir həftə sonra eynək və ya hər hansı dəstək vasitəsindən istifadə etmədən yeriyə bildiyini bildirib. O, daha sonra işinə qayıdıb.
Cərrahların yerini tutmur
Tədqiqat qrupu vurğulayıb ki, süni intellekt cərrahların qərarlarını əvəz etmir, əməliyyat zamanı yalnız əlavə “ekspert gözü” funksiyasını yerinə yetirir.
Sistem yüzlərlə beyin şişi əməliyyatının görüntülərindən istifadə edilərək öyrədilib.
University College London-un tədqiqatçıları texnologiyanın daha geniş klinik sınaqlarda yoxlanılmasını planlaşdırırlar. Onlar gələcəkdə əməliyyat zamanı cərrahlara real vaxt rejimində dəstək verə bilən daha təkmil süni intellekt sistemlərinin hazırlanmasını hədəfləyirlər.












