Polşa XİN başçısı: NATO Ukraynada Rusiya raketlərini vurmalıdır
Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO-nun Rusiyaya məxsus raket və pilotsuz uçuş aparatlarını Ukraynanın hava məkanında vurmasının mümkünlüyünü gündəmə gətirib.
1news.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski BBC Radio 4-ə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Rusiyaya məxsus qanadlı raketlərin Polşa sərhədini keçdikdən sonra vurulması əvəzinə, onların Ukrayna hava məkanında zərərsizləşdirilməsi daha təhlükəsiz ola bilər. O bildirib ki, belə olan halda raketin qalıqlarının Polşa ərazisinə düşməsi riskinin qarşısını almaq mümkündür.
Sikorski hesab edir ki, Ukraynanın qərb hissəsində uçuşlar üçün təhlükəsiz zona yaradılması həm Ukraynaya, həm də Polşaya fayda verə bilər. Onun fikrincə, bu addım Lvov hava limanının fəaliyyətinin bərpasına da şərait yarada bilər.
Qeyd edək ki, son günlər Rusiyanın Ukraynanın qərb bölgələrinə hücumları davam edir. Rusiya qüvvələri Ukrayna-Polşa sərhədinə yaxın ərazilərdə bir sıra obyektləri pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Hücumlar nəticəsində Kiyev–Varşava qatarının lokomotivi və Volın vilayətində yanacaqdoldurma məntəqəsi zərər görüb.












